Naxçıvanda liftlərin təhlükəsiz və düzgün istismarı ilə bağlı maarifləndirici tədbir təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən lift təsərrüfatında təhlükəsizliyin təmin olunması və istismar prosesində normativ tələblərə əməl edilməsinin gücləndirilməsi məqsədilə “Liftlərin təhlükəsiz istismarı qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müvafiq institutunun məsul əməkdaşlarının, sənayenin müхtəlif sahələrinin nümayəndələrinin, sahibkarların və dövlət müəssisələrinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə keçirilən tədbirin məqsədi lift təsərrüfatında təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini diqqətə çatdırmaq, mümkün risklərin qarşısının alınması və məsul şəxslərin məlumatlandırılması olub.

Tədbirdə Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi İlqar Qocayev çıxış edərək liftlərin texniki baxışının vaxtında aparılmasının əhəmiyyəti, istismar zamanı təhlükəsizlik tələbləri, qəza hallarında davranış qaydaları və normativ-hüquqi sənədlərin tələbləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, liftlər yalnız müvafiq icazə sənədləri və texniki yoxlamadan keçdikdən sonra istismara buraxılmalıdır.

Digər çıxış edənlər liftlərə mütəmadi texniki xidmət göstərilməsi, nasazlıqların vaxtında aradan qaldırılması və təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırıblar. Eyni zamanda, texniki heyətin təhlükəsizlik qaydalarına ciddi əməl etməsinin və operativ fəaliyyət göstərməsinin əhəmiyyəti xüsusi vurğulanıb. 

Qeyd edilib ki, lift avadanlıqlarının təhlükəsiz və dayanıqlı fəaliyyəti birbaşa olaraq texniki nəzarətin düzgün təşkilindən və məsul şəxslərin peşəkar yanaşmasından asılıdır. Lift təsərrüfatında təhlükəsizlik tələblərinə əməl olunması mümkün qəza hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və təhlükəsizlik tələblərinə riayət olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: