Naxçıvanda “Mütaliə aylığı” elan olunub

A- A A+

Bu ay  muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.       

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsil müəssisələrinin kitabxanalarının zəruri avadanlıqlarla təchiz olunduğunu, 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edildiyini vurğulayıb.

Qeyd olunub ki, “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran və onları bu istiqamətdə həvəsləndirən silsilə tədbirlər keçiriləcək. Mütaliə aylığında “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı, “Oxunması zəruri olan kitabların” oxusu, müzakirəsi, əsərlər haqqında şagirdlər tərəfindən essenin yazılması və digər tədbirlər həyata keçiriləcək. Həmçinin “Oxu günü”nün, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə və İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecənin, “Poeziya günü”nün keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək  və dram müsabiqəsi keçiriləcəkdir.

Tədbirdə digər çıxış edənlər şagirdlər arasında mütaliə vərdişlərinin vacibliyindən danışıblar.

 

                                                                  Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: