Ağalı kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır

A- A A+

Fevralın 11-dən etibarən Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə sonuncu müraciətlərin qəbuluna başlanır.

Kənd Təsərrüfatı Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonunadək davam edəcək.

Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.

Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadəsi üçün müraciət edə bilərlər:

1. EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);

2. Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Ağalı” seçməklə ərizə formasını doldurmaq;

3. Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: