"Azəriqaz"ın ödənişli xidmət təşəbbüsünə razılıq verilməyib

A- A A+

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin qaz təchizatı layihələrinin yoxlanılması və razılaşdırılması xidmətlərinin ödənişli əsaslarla həyata keçirilməsi ilə bağlı müraciətinə imtina cavabı verib.

Bu barədə NUHÇIXAN-a Dövlət Agentliyindən bildirilib.

Müraciət sifarişçi və yaxud podratçının təqdim etdiyi qaz təchizatı layihələrinin sahə üzrə qanunvericiliyin və texniki şərtlərin tələblərinə uyğunluğunun yoxlanılması, razılaşdırılması və qeydiyyata alınması xidmətlərini ödənişli əsaslarla göstərməsi ilə bağlı olub. Agentlik araşdırma aparıb və yekunda həmin hərəkətə razılıq verməyib.

Bununla yanaşı, "Azəriqaz"ın digər müraciətləri müəyyən şərtlər çərçivəsində təsdiqlənib. Qaz xətlərinin (qapı keçidləri və digər yeraltı və yerüstü yol keçidləri) yerinin dəyişdirilməsi xidmətləri ödənişli əsaslarla həyata keçirilə bilər. Sənaye tipli qaz sayğacının ilkin quraşdırılması, növbədənkənar dövlət yoxlanışına aparılması üçün şəbəkədən ayrılması, qablaşdırılması, daşınması və digər xidmətlərin həyata keçirilməsi üçün tətbiq ediləcək qiymətlərə daxili əmrdə müəyyən şərtlərlə razılıq verilib.

Həmçinin Naxçıvanın Qaz İstismar Xidmətinin balansındakı əsas vəsaitlərin "Azəriqaz"ın balansına verilməsi tam razılıqla icra ediləcək.

2025-ci ildə Dövlət Agentliyinə təbii inhisar subyektlərinin həyata keçirdiyi bir sıra hərəkətlərə razılığın verilməsi barədə 20 müraciət daxil olub.

Müraciətlərdən 12-nə razılıq, 6-na isə müəyyən şərtlər çərçivəsində razılıq verilib. 1 müraciətə razılıq verilməsindən imtina edilib, 1 müraciət üzrə araşdırma davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: