Təbriz Xəlilbəyli Azərbaycan torpağının yetirdiyi elə igid oğullardandır ki, taleyi sanki əvvəlcədən Vətənlə yazılıb. O, 12 fevral 1964-cü ildə Bakıda anadan olub. Sözün və azadlıq ruhunun hökm sürdüyü bir mühitdə böyüyüb. Çünki Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb. Belə bir evdə böyüyən gəncin taleyinin torpaqla, bayraqla, istiqlalla bağlanması təəccüblü deyildi.
Təbriz gənclik illərində sənətə yaxın olub, Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Lakin Qarabağda baş verən hadisələr onun həyat yolunu dəyişdi. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik istiqamətlərində böyük şücaətlə döyüşdü. Qəhrəmanlığına görə DİN-in “Boz qurd” mükafatına layiq görüldü.
1992-ci ilin yanvarında gedən ağır döyüşlərin birində son nəfəsinə qədər vuruşaraq şəhid oldu. Gənc ömrü yarımçıq qaldı, amma adı bütöv bir xalqın yaddaşına həkk olundu. 8 oktyabr 1992-ci ildə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Onun itkisi atasının qəlbini dərindən dağladı. Xəlil Rza Ulutürk oğlunun ardınca yazdığı misralarla həm ağrısını, həm də qürurunu ifadə etdi. O şeirdə bir atanın ürək sızıltısı ilə yanaşı, Vətənə başıuca verilmiş bir oğula sonsuz fəxr hissi də var:
Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.
Bu misralarda ata göz yaşını gizlətmir, lakin oğlunun adını fəxrlə çəkir. Çünki Təbriz artıq təkcə bir ailənin yox, bütün Azərbaycanın oğludur. O, yalnız igid döyüşçü deyil, həm də Xəlil Rza Ulutürkün qürur mənbəyi idi. Atası azadlıq və istiqlal uğrunda sözün gücü ilə mübarizə aparırdısa, oğlu bu istiqlalın müdafiəsində canını fəda edərək həmin mübarizəni qanı ilə davam etdirdi.
Nurtac İsmayılova
