Ötən il Ədliyyə Nazirliyinin Aparatında vətəndaşlar tərəfindən ünvanlanmış 91 min 197 müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb. Müraciətlərin 37 min 133-ü poçt, 39 min 241-i elektron formada daxil olub. “881” Çağrı Mərkəzi, eləcə də nazirliyin sosial şəbəkə hesabları vasitəsilə daxil olmuş 14 min 823 müraciət isə qanunvericiliyə uyğun olaraq qeydiyyata alınaraq baxılıb.
Bu barədə NUHÇIXAN-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində Çağrı Mərkəzinə daxil olan 109 min 828 zəngdən 101 min 139-u operativ şəkildə cavablandırılıb, vətəndaşlara müvafiq izah və məsləhətlər verilib, həmçinin araşdırma tələb edən 14 min 360 müraciət nazirliyin aidiyyəti struktur qurumları tərəfindən baxılaraq cavablandırılıb. İtirilmiş 8689 zənglə isə “geriyə zəng” xidməti vasitəsilə əks əlaqə yaradılıb.
Hesabat dövründə vətəndaşların qəbulu da diqqət mərkəzində saxlanılıb. Belə ki, ümumilikdə 20 min 632 vətəndaş qəbul edilib.
Ötən il nazirliyin rəhbərliyi tərəfindən 3498, digər vəzifəli şəxslər tərəfindən isə 17 min 134 vətəndaşın qəbulu həyata keçirilib. Onlardan 481 nəfərin qəbulu ötən ilin iyun ayından etibarən təşkil edilən videoqəbullar vasitəsilə keçirilib.
