Rəqəmsal transformasiya: yeni dövrün strateji hədəfləri

A- A A+

İnformasiya və texnologiya əsri kimi xarakterizə olunan dövrümüzdə dünyada baş verən sürətli rəqəmsal transformasiya dövlətlərin sosial-iqtisadi inkişaf modellərini yenidən formalaşdırır. Bu prosesdən kənarda qalmamaq üçün ölkələr rəqəmsal iqtisadiyyatın qurulmasını strateji prioritetə çevirirlər. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısının dediyi kimi: “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”.

Rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, həm də idarəetmə fəlsəfəsinin, iqtisadi münasibətlərin və ictimai xidmətlərin transformasiyasıdır. Bu baxımdan, Azərbaycan rəqəmsal inkişafı milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib. Bu, həm də ona görə vacibdir ki, iqtisadiyyatımızın neft-qaz sektorundan asılı olmaması üçün iqtisadi şaxələndirmə vacib məsələ kimi gündəmə gəlir. Rəqəmsal iqtisadiyyat bu baxımdan da yeni imkanlar yaradır. İnformasiya-kommunikasiya texnologiyaları, elektron ticarət, fintex həllər, startap ekosistemi və innovativ sahibkarlıq qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. Rəqəmsal platformalar biznes proseslərini optimallaşdırır, xərcləri azaldır və məhsuldarlığı artırır. Kiçik və orta sahibkarlıq subyektləri üçün rəqəmsal alətlər bazara çıxışı asanlaşdırır və beynəlxalq ticarət imkanlarını genişləndirir. Bu isə ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını gücləndirir.

Rəqəmsal inkişafın əsas şərtlərindən biri güclü infrastrukturun mövcudluğudur. Son illərdə Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi, fiber-optik xətlərin çəkilməsi və mobil rabitə imkanlarının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu, həm şəhər, həm də region əhalisinin rəqəmsal xidmətlərdən istifadəsini asanlaşdırır. Bulud texnologiyaları, məlumat mərkəzləri və rəqəmsal platformalar iqtisadi fəaliyyətin daha çevik və təhlükəsiz təşkilinə imkan verir. Bununla yanaşı, kibertəhlükəsizlik, kadr və digər məsələlərin həlli də diqqət mərkəzindədir. Dövlətimizin başçısının vurğuladığı kimi, “Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir”.

Naxçıvan Muxtar Respublikasında da iqtisadi və sosial inkişafın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin hərəkətverici qüvvəsi həm də rəqəmsallaşma və müasir texnologiyaların bütün sahələrə tətbiqidir. Azərbaycanın ümumi rəqəmsal ekosisteminə inteqrasiya muxtar respublikanın idarəetmə modelini təkmilləşdirir, regionun investisiya cəlbediciliyini artırır. Rəqəmsal transformasiya sahəsindəki əsas hədəf təkcə texnologiyaların tətbiqi deyil, ilk növbədə vətəndaş məmnunluğunu təmin etmək, tam şəffaflığa nail olmaqdır. Bu mənada yeni rəqəmsal arxitektura bütün dövlət xidmətlərinin vahid platformada birləşməsini tələb edir. Bu yanaşma çərçivəsində Naxçıvanda dövlət qurumlarının məlumat bazalarının mərkəzi sistemlərə inteqrasiyası sürətlənib. Bu, muxtar respublikada yaşayan vətəndaşların Bakıda və ya ölkənin digər şəhərlərində təqdim olunan rəqəmsal xidmətlərdən eyni keyfiyyətdə yararlanmasına hərtərəfli şərait yaradır.

Muxtar respublikada informasiya texnologiyaları və rəqəmsal xidmətlərin genişləndirilməsi bir çox sahələrdə yeni imkanlara yaradır. Bununla elektron dövlət xidmətlərinin əlçatanlığı artırılır, internet infrastrukturu modernləşdirilir və genişzolaqlı internetin bölgənin bütün hissələrinə yayılması təmin edilir, kadrların rəqəmsal bacarıqlarının artırılması üçün təhsil və təlimlərə xüsusi diqqət yetirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal infrastrukturun genişləndirilməsi, yüksək sürətli internetə çıxışın təmin edilməsi və əhalinin rabitə xidmətlərinə əlçatanlığının artırılması üzrə tədbirlərin icrası istiqamətində görülən işlər də yeni-yeni uğurlara yol açır. Muxtar respublikada poçt və telekommunikasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılan “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan məsələlərin həyata keçirilməsində aparıcı institusional platforma rolunu oynayacaqdır.

Ümumilikdə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası, müəyyənləşdirilən prioritetlərin fəaliyyətin əsas istiqamətinə çevrilməsi ölkəmizin, həmçinin Naxçıvanımızın rəqəmsal inkişafını sürətləndirəcək, texnoloji infrastrukturu daha da gücləndirəcək, məlumat təhlükəsizliyi və süni intellekt sahəsində beynəlxalq standartlara uyğunlaşma prosesini əsaslı töhfə verəcəkdir.

Rauf Əliyev (Kəngərli)

Jurnalist

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: