Tələbələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar. Tədbirdən öncə müəssisənin Nəzarət qrupu otağında olan tələbələrə bölmələrin fəaliyyəti ilə bağlı mövcud olan sənədlər və əyani vasitələr göstərilib.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov universitetdə mövcud olan vətənpərvərlik işi, vətənpərvərlik tərbiyəsi ilə bağlı görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəlilədiyini qeyd edib.
Aprel döyüşlərində qazandığımız qələbənin 3-cü ildönümü ərəfəsində keçirilən görüşün təsadüf olmadığı vurğulanıb, dörd günlük qələbənin xalqımızın zəfər tarixi olduğu diqqətə çatdırılıb.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin may ayında Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamının, ordu və xalqın birliyindən xəbər verir.
Tələbələrə səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkili ilə bağlı məlumat verilib. Bu cür hamilik tədbirlərinin keçirilməsinin tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində artan rolu qeyd edilib.
Sonda “Cavanşir” sənədli filminin nümayişi olub.
Səadət Əliyeva