Əmrah Nağıyev Tükiyədə növbəti dəfə marafon iştirakçısı olub - FOTOLAR
Türkiyənin Trabzon şəhərində 46-cı Beynəlxalq Trabzon Yarı Marafonu (21 km) təşkil olunub. Türkiyə Cümhuriyyətin 100-cü ildönümünə həsr olunan kütləvi idman tədbirinə iki mindən çox insan qatılıb. Marafon çərçivəsində 10K, 21K və xalq qaçışı yarışları keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından yarı marafona qatılan atlet Əmrah Nağıyev ölkəmizi 10K yarışında (10 kilometr) təmsil edib. Təmsilçimiz finiş xəttini 37 dəqiqə 50 saniyəyə keçərək yarışı kişilər (18-34 yaş) arasında 12-ci pillədə başa vurub.
Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Türkiyənin bir çox regionlarında, o cümlədən Azərbaycan və Gürcüstanda təşkil olunan beynəlxalq marafonların daimi iştirakçısıdır.