Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 07 aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzusunda tədbir olub.
Gənclərin iştirakı ilə dəyirmi masa arxasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Sağlam düşüncə, sağlam həyat tərzi - sağlam ailənin təməlidir” mövzusunda çıxış edib.
Sonra Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Gənclərin sağlamlığı ilə əlaqədar görülən işlər: reallıqlar və perspektivlər” mövzusunda danışıb.
“Sağlam ailə - sağlam gələcəkdir” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva gənclərə sağlamlıqlarının qorunması, zərərli vərdişlərdən uzaq durulması, yeni nəslin sağlam doğulması, psixoloji, mənəvi və fiziki sağlamlıq barədə slayd vasitəsilə ətraflı məlumatlar verib.
Sonda gənclərin sualları cavablandırılıb, onlara müvafiq mövzularda hazırlanan broşürlər paylanılıb.