Həmişə düşünürdüm ki, görəsən, təqvimdə 30 fevral niyə yoxdur? Niyə o günü doğulanlar yoxdur? Ya doğulsaydı, kim olardı? Dünən nəhayət o suala cavab tapdım. Özü də indiyə qədər beynimdə yığılıb qalmış bütün suallara cavab tapdım. Çünki zaman saxtanı qəbul etmir. Cəmiyyət də belədir. Elə adamlar var ki, sanki 30 fevralda doğulublar. Onlar var kimi görünürlər, amma mahiyyətcə yoxdurlar.
Millətini və dövlətini qüsursuz sevən insanlar var ki, onlar bəzən haqsızlığa məruz qalır, bəzən vəzifədə irəli çəkilmir, bəzən dəyəri çox gec verilir, amma heç vaxt şəxsi incikliyini dövlətə qarşı silaha çevirmir. Heç vaxt fərdi narazılığını milli marağın üstünə qoymur. Çünki dövlətin dayaqlarını sarsıtmağın fərqini anlayır. Çünki dövlət təkcə vəzifə deyil. Dövlət anadır. Dövlət sərhəddir. Dövlət bayraqdır. Dövlət milli kimlikdir.
Bir də var millətçi və dövlətçi kimi görünənlər. Quyruğu qapı arasında qalan kimi başlayar hürməyə. Bəli, ən təhlükəlisi bu tiplərdir. Azadlığı öz ölkəsində yox, ölkəsinin hüdudlarından kənarda axtaranlar, daldalananlar. Sığınacaqlarda sığınanlar. Milli kimliyi olmayan bu adamlar millətçi kimi danışar, dövlətçi kimi görünər, lakin ilk çətinlikdə ölkədən kənarda tribunalar tapar. Azadlığı öz torpağında deyil, başqa paytaxtların studiyalarında axtarar. Mübarizəni xaricdən maliyyələşən platformalarda qurmağa üstünlük verən bu adamlar şəxsi qərəzləri ictimai prinsip kimi təqdim edib guya xalqın dərdini qabardar.
İnsan nə qədər nankor olar ki, azadlığını başqa dövlətlərin qucağında axtarsın? Deməli, ən baha qiymətə elə siz satılmısınız. Sizin əxlaqsız qadından nə fərqiniz var? Onlar bir gecəlik mehman olanda, siz hər gün o qolların mehmanısınız. Axı bu torpaq sizi böyüdüb. Bu dil sizi formalaşdırıb. Bu dövlət sizə kimlik verib. Müəllimləriniz, ailəniz, dostlarınız hamısı bu torpağın insanlarıdır. Bəs görəsən, biz niyə qarşılıqsız sevməyi bacarmırıq? Niyə vətən yalnız razı qalanda sevilir? Niyə narazılıq dövlətə qarşı nifrətə çevrilir? Həqiqi vətəni sevənlər təmənna gözləməz. Bu sevgi nə kreslo, nə maliyyə, nə də alqışla dəyərləndirilmir.
Uzaqdan küçə söyüşləri söyənlər, öz dövlətindən qaçanlar, öz dövlətinin maraqlarını xarici dövlətlərin maraqlarına dəyişənlər, xarici təşkilatların tribunalarında “millət dərdi” danışanlar. Bir gecəlik yox, bir nəfəslik hər şeyini satanlar. Sizi təbrik edirəm. 30 fevral sizin gününüzdür. Bəlkə də buna görə heç zaman var olmayacaqsınız.
Bir vaxtlar eyni mühitdə, eyni məqsədlə xidmət edənlər sonradan fərqli yollar seçə bilirlər. Amma yol ayrılığı fikir fərqidir, dövlətə qarşı mövqe fərqi deyil. Vətəni satmaq, dövlət haqqında yalan-yanlış informasiya yaymaq bu artıq fikir ayrılığı deyil, bu yol azmaqdır. İndi bu kişiciyəzlər xarici ölkələrin birotaqlı sığınacağında qaranlıq otaqlarda milləti aydınlığa çağırır. Onun, bunun maliyyə dəstəyi ilə olmayan sözləri danışanlar, ağzı söz tutmayanlar, yanlış məlumatları həqiqət kimi təqdim edənlər anlamalıdırlar ki, dövlətə qarşı qurulan informasiya müharibəsi uzunömürlü olmur.
Vətən sizi heç zaman bağışlamayacaq. Sizin kimi kişiciyəzlərə heç nə kar etməz. Hakimiyyət on dəfə dönsə də, siz yenə də narazı qalacaqsınız. Çünki çatışmazlığınız var. Çünki siz yarımçıq doğulmusunuz. Sizin gününüz 30 fevraldır. Sizə ancaq və ancaq uzaqdan hürmək qalacaq. Dövlətin maraqlarına kölgə saldığınız üçün heç zaman gün üzü görməyəcəksiniz.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
