Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov 17 fevral 1975-ci ildə Beyləqan rayonunda anadan olub.
Orta məktəbi bitirdikdən sonra hərbi təhsil yolunu seçərək 1992–1997-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. 1992-ci ildən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlayıb və peşəkar pilot kimi formalaşıb.
Ramiz Qasımov 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci ilin 12 iyul tarixində Tovuz istiqamətində baş verən gərginlik zamanı göstərdiyi şücaətlə seçilib. Onun idarə etdiyi “Mi-17” döyüş vertolyotu ilə düşmənin bir sıra hərbi mövqelərinə dəqiq zərbələr endirilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə onun həyatının ən məsuliyyətli və taleyüklü mərhələsi oldu. Ramiz Qasımov “Mi-17” vertolyotu ilə Tərtər, Suqovuşan və Talış istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirərək ordumuzun irəliləyişinə havadan dəstək verib.
2020-ci ildə döyüş tapşırığından qayıdarkən onun idarə etdiyi vertolyot düşmən atəşinə məruz qalıb. Ramiz Qasımov son ana qədər peşəkar pilot kimi davranaraq ekipaj üzvlərinin xilas olması üçün göstəriş verib, vertolyotu yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışıb. Bu fədakarlıq onun həyatına başa gəlib. 25 gün komada qaldıqdan sonra, 22 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, sağlığında isə müxtəlif orden və medallarla təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə Bakı şəhərindəki 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun adı verilib.
Ramiz Qasımov təkcə peşəkar zabit deyil, həm də qayğıkeş ata idi. Üç övladı onun adını və xatirəsini daim yaşadır.
Nurtac İsmayılova
