Gənc polislər and içiblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2019-cu ilin II toplanış üzrə ilkin hazırlıq kursunu keçən gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib.
Dövlət Bayrağı Muzeyində keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Səadət İsgəndərli və Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Yusif Həsənov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd olunub ki, Azərbaycanda, eləcə də muxtar respublikada hüquq-mühafizə orqanlarına hərtərəfli dövlət qayğısı göstərilir. Buna görə də hər bir polis əməkdaşı öz andına sadiq qalmalı, xidməti fəaliyyətində cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilməli, peşə bacarıqlarını daim artırmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kadr hazırlığı işində mühüm əhəmiyyətə malik olduğu qeyd olunub. Vurğulanıb ki, kurs müddəti ərzində gənc əməkdaşlar daxili işlər orqanlarında xidmətin ümumi anlayışını öyrənir, xidmətin müxtəlif istiqamətləri üzrə müəyyən nəzəri biliklər əldə edirlər ki, onlar həmin bilikləri qarşıda duran uzunmüddətli xidmət zamanı praktiki proseslərdə geniş tətbiq edəcəklər.
Çıxışlardan sonra məktəbin hazırılıq kursunu bitirən 24 gənc polis əməkdaşı Azərbaycan Respublikasına və onun xalqına sədaqətlə xidmət edəcəklərinə and içiblər.
Gənc polis sıravisi Hüseyn Talıbov gənc polis əməkdaşları adından yaradılan şəraitə və göstərilən etimada görə dövlətimizə minnətdarlıq edib, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda xidmət edəcəklərini bildirib.
Sonda muzeyin ekispoziyasına baxış olub.
Röyal Kərimov