Naxçıvanşünaslıq Mərkəzində tələbələrə turizm imkanlarından danışılıb 

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan” Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Naxçıvanın turizm imkanları” mövzusunda açıq dərs keçirilib. Mərkəzin elmi katibi Emin Məmmədov tələbələrə ölkəmizin müstəqillik qazandıqdan sonra dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində yaradılan mühüm hüquqi bazası haqqında məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında çox sayda mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar açır. Qədim diyarımızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi muxtar respublikada kənd və ekoturizmin inkişafına müsbət təsir edir. Bu gün Naxçıvan kəndlərinin  təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti ilə turizmin inkişafı üçün böyük imkanlar açır. Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya Mərkəzi və Darı­dağ Balneoloji Müalicəxanası yüksək müalicə turizminə malikdir.

Muxtar respublikadakı tarixi abidələr bura səfər edən alim, tədqiqatçı, jurnalist və turistlərin diqqətini cəlb edir, onlar ölkələrinə qayıtdıqdan sonra muxtar respublikanın zəngin mədəniyyəti, qədim tarixi və abidələri barədə məlumatları dünya ictimaiy­yətinə çatdırırlar. 

Həmçinin bildirilib ki, muxtar respublikada bu sahənin peşəkar kadrlarla təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Bu gün Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm ixtisası üzrə kadrlar hazırlanır.

Sonda tələbələr mərkəzin kitab fondu və elektron oxu zalı ilə tanış olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: