Naxçıvan Muxtar Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən son bir ay ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
NUHÇIXAN xəbər verir ki, görülən tədbirlər nəticəsində müxtəlif hüquqazidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 35 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlardan 19 nəfər ticarət obyektləri, mənzillər və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materialları, məişət əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinir.
Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə pul vəsaitlərini mənimsəyən, eləcə də qanunsuz ovla məşğul olan 6 nəfər barəsində müvafiq tədbirlər görülərək məsuliyyətə cəlb olunub.
Əməliyyat tədbirləri zamanı qanunsuz saxlanılan 29 ədəd odlu silah, 6 qaz tapançası, 10 avtomat darağı, 961 ədəd patron, 1 ədəd əl qumbarası və 4 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.
“102” Xidməti-Zəng Mərkəzinə daxil olan 2000-dən artıq müraciət operativ şəkildə cavablandırılıb, məlumatlar üzrə polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 242 nəfər saxlanılıb.
Vətəndaşların qəbulu zamanı müraciət edən 205 nəfərin müraciətləri qanunvericiliyin tələblərinə uyğun araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılan şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.
