“Malyutka–2”nin qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib

A- A A+

“Malyutka–2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb. Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, “Malyutka–2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.

Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.

Agentlikdən onu da bildiriblər ki, “Malyutka–2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka–2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Həmin məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilib və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.

Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.

İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: