Nazirlik: Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini üzərinizdə götürməyin

A- A A+

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır.

Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə bir sıra vacib məlumatları diqqətə çatdırır.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Onlar elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Həmin qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.

Məlumatda qeyd edilir ki, harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Həmin maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.

Ölkəmizdə üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və konkret formada ondan istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin müvafiq qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanılması və satışı qanunsuz hesab edilir və cinayət məsuliyyətinə səbəb olur.

“Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər. Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək. Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: