19 fevral şəhidləri – Qəhrəmanlıq salnaməmizin iki parlaq səhifəsi

A- A A+

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızdan ikisi – Yusif Mirzəyev və Vəzir Sədiyev 19 fevral 1993-cü ildə şəhidlik zirvəsinə ucalaraq adlarını tariximizə qızıl hərflərlə yazdırıblar. Onların həyat yolu, döyüş meydanında göstərdikləri şücaət və Vətənə sonsuz bağlılıqları Azərbaycan qəhrəmanlıq salnaməsinin parlaq səhifələrində daim yaşayır.

Yusif Mirzəyev – sonadək mövqeyini tərk etməyən Qəhrəman

Yusif Mirzəyev 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1988-ci ildə başlayan Qarabağ hadisələri onun həyat yolunu tamamilə dəyişdi. 20 Yanvar hadisələri zamanı etdiyi etirazlara görə həbs olunaraq ağır işgəncələrə məruz qalıb.

Torpaqlarımıza qarşı təcavüz genişləndikcə Yusif Mirzəyev könüllü olaraq cəbhəyə yollanıb. Qısa müddətdə döyüş yoldaşlarının böyük hörmətini qazanaraq müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə fəal iştirak edib, mühüm mövqelərin müdafiəsində xüsusi igidlik göstərib. Səhhətində yaranan problemlərə baxmayaraq, müalicəsini yarımçıq qoyaraq yenidən səngərə qayıdıb.

1993-cü ilin qarlı fevral günlərində Qarabağ cəbhəsində vəziyyət son dərəcə gərgin idi. 19 fevral 1993-cü ildə gedən ağır döyüşlər zamanı Yusif Mirzəyev silahdaşlarını təhlükədən çıxarmağa çalışarkən sonadək mövqeyini tərk etmədən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu ali ad onun Vətən qarşısında xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir.

Qeyd edək ki, müalicə aldığı dövrdə sənətçi Şəmistan Əlizamanlı və həkim dostu Şahin Musaoğlu tərəfindən ifa olunan “İgid əsgər, möhkəm dayan” mahnısı Yusif Mirzəyevə həsr edilib.

Vəzir Sədiyev – Döyüş Yolları Əfqanıstandan Qarabağa Uzanan Zabıt

Vəzir Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. Hərbi karyerası ərzində Əfqanıstan müharibəsində iştirak edib və göstərdiyi xidmətlərə görə mayor rütbəsi alıb. Bu, onun peşəkar zabit kimi formalaşmasında mühüm rol oynayıb.

Ermənistan-Azərbaycan münaqişəsi başlayanda o da könüllü olaraq müharibəyə qoşulub. Laçın, Qubadlı, Füzuli və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.

1993-cü il fevralın 19-da Ağdərə istiqamətində, Həsənriz kəndi uğrunda gedən ağır döyüşlər zamanı Vəzir Sədiyev qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Vəzir Sədiyev Bakı şəhərindəki Şəhidlər Xiyabanındə dəfn olunub və adı xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayır.

19 fevral – Vətən uğrunda canından keçən igidlərin xatirə günüdür. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: