Fevralın 19-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 73, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 45 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 1 pulemyot, 11 tüfəng, 27 patron darağı və 323 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər də saxlanılıb.
