İtkin şəhid Rafiq Hüseynov Lokbatan Şəhidlər xiyabanında dəfn olunub - FOTOLAR
Bu gün Birinci Qarabağ müharibəsinin itkin şəhidi Hüseynov Rafiq Hüseyn oğlunun Qaradağ rayonu Lokbatan Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, dəfn mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Hərbi şərəf və ehtiram nişanı olaraq, tabut məzara qoyulduqdan sonra fəxri qarovul tərəfindən havaya üç dəfə yaylım atəşi açılıb.
Daha sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhidin ruhuna dualar edilib. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ailəsinə başsağlığı verilib.
Şəhidin qardaşı Murad Hüseynov açıqlamasında bildirib ki, Rafiq Hüseynov Gəncə Dövlət Universitetində təhsil alsa da, müharibə başladıqdan sonra könüllü şəkildə Vətənin müdafiəsinə qalxıb. O ərazilərimizin müdafiəsi zamanı 1992-ci ildə itkin düşüb.
Şəhidin döyüş yoldaşı Amil Məmmədov o zaman Ağdam istiqamətində mühasirəyə düşdüklərini deyib: "Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevlə çiyin-çiyinə 836-cı postda döyüşürdük. Rafiq də bizimlə idi, yanımızda mərdliklə döyüşürdü. Şiddətli döyüşlərdən sonra mühasirəyə düşdük, lakin oradan çıxmağa nail olduq. Rafiq və digərləri mühasirəyə düşdükən sonra itkin düşmüşdü".
Qeyd edək ki, Rafiq Hüseynov 1974-ci il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.