Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb - FOTOLAR
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Vəliyev Hidayət İsa oğlu Bərdə rayonunda torpağa tapşırılıb.
NUHÇIXAN xəbər verir ki, şəhidlə vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Cənazə namazından sonra Hidayət Vəliyev Zümürxan kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil və gül dəstələri qoyulub.
Qeyd edilib ki, Hidayət Vəliyev 1971-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən H.Vəliyev 1994-cü il fevralında Kəlbəcər rayonunun Murovdağ silsiləsində itkin düşüb.
Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.