Bağçanın uşaqların inkişafında faydaları nələrdir?

A- A A+

Uşaqların sağlam ruhda böyüməsi gələcəyimiz üçün son dərəcə vacibdir. Onların inkişafına təsir göstərən bütün amillərə diqqətlə yanaşmaq lazımdır. Bu inkişaf prosesində məktəbəqədər təhsil müəssisələrinin rolu xüsusilə böyükdür.

Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Həcər Cabbarova bildirib ki, elmi və psixoloji-praktik yanaşmalara əsasən, uşaqlar üçün bağçaya başlamaq baxımından ən optimal yaş üç hesab olunur. Onun sözlərinə görə, bu dövrdən sonra uşaqlar ev mühitində yalnız böyüklərlə vaxt keçirməkdən sıxılmağa başlayır, yaşıdları ilə ünsiyyətə və birgə oyunlara daha çox maraq göstərirlər. Eyni zamanda ana ilə emosional bağlılıq əvvəlki mərhələyə nisbətən zəifləyir, uşaqlarda özünə qulluq bacarıqları formalaşır və onlar özlərini daha müstəqil və güvənli hiss edirlər.

Psixoloq əlavə edib ki, valideynlər övladlarının bağçaya hazır olub-olmadığını fərdi şəkildə qiymətləndirməlidirlər. Bu zaman fərdilik prinsipi əsas götürülməlidir. Hər bir uşağın xarakteri, psixoloji xüsusiyyətləri və inkişaf tempi fərqlidir və qərar verilərkən bu məqamlar mütləq nəzərə alınmalıdır.

Onun sözlərinə görə, temperament amili xüsusilə vacibdir. Bəzi uşaqlar çevik, aktiv və yeni mühitə tez uyğunlaşan olurlar. Digərləri isə daha həssas, çəkingən və qorxaq davranış nümayiş etdirə bilərlər. Belə uşaqlar bağça mühitinə daha gec adaptasiya olunur və onlara daha çox dəstək tələb olunur. Psixoloq vurğulayıb ki, uşağın emosiyalarını idarə edə bilməsi də mühüm göstəricidir və valideynlər bu bacarığın formalaşmasına xüsusi diqqət yetirməlidirlər.

Həcər Cabbarova nitq inkişafının da bağçaya uyğunlaşmada əsas rol oynadığını qeyd edib. Əgər uşaq özünü sərbəst şəkildə ifadə edə bilirsə, kollektiv mühit onun üçün daha rahat və əlverişli olur. Nitqi kifayət qədər formalaşmamış uşaqlar isə bağçada çətinliklərlə qarşılaşa bilərlər.

Psixoloqun əlavələrinə görə, ana ilə emosional təmas məsələsi də diqqət mərkəzində saxlanılmalıdır. Bu bağlılıq həddindən artıq güclü olduqda ayrılıq prosesi həm ana, həm də uşaq üçün travmatik keçə bilər. Xüsusilə 0–2 yaş aralığı ana ilə möhkəm emosional bağın formalaşdığı dövrdür və bu mərhələdə uşağın bağçaya qoyulması tövsiyə edilmir. Erkən yaşda bağçaya başlayan uşaqlarda kəkələmə, yuxu və qidalanma pozuntuları, dırnaq yemə, hətta sidik qaçırma kimi hallar müşahidə oluna bilər. Belə əlamətlər yarandıqda mütləq mütəxəssisə müraciət etmək vacibdir.

O, həmçinin qeyd edib ki, uşağın bağçaya həddindən artıq gec – 4–5 yaş aralığında başlaması da arzuolunan deyil. Bu yaşda bəzi uşaqlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir, ünsiyyətdən və kollektiv oyunlardan yayınırlar. Nəticədə özünəqapanma və cəsarətsizlik formalaşa bilər. Belə hallarda da psixoloq məsləhəti faydalıdır.

Sonda psixoloq vurğulayıb ki, bağça uşağın inkişafına bir çox istiqamətdə müsbət təsir göstərir. Burada düşünmə, qərarvermə və duyğuları anlama bacarıqları inkişaf edir, aktiv oyunlar vasitəsilə fiziki inkişaf təmin olunur. Yazı yazmaq, şəkil çəkmək və müxtəlif əl işləri ilə məşğul olmaq isə diqqət və incə motor bacarıqlarının formalaşmasına kömək edir.

Psixoloqun fikrincə, valideynlər övladlarının sağlam və güclü şəxsiyyət kimi formalaşmasını istəyirlərsə, onların erkən yaşlardan sosial mühitdə inkişafını dəstəkləməli və bu prosesi planlı şəkildə həyata keçirməlidirlər.


Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: