Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illik yubileyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Ulu Öndərə ehtiramlarını bildirib, daha sonra muzeylə tanış olublar.
Daha sonra təsisatda keçirilmiş tədbiri Ombudsman Günay Rzayeva giriş sözü ilə açaraq bildirib ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında hüquq sisteminin müasirləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparılır və insan hüquqlarının daha etibarlı müdafiəsi təmin edilir.
Qeyd olunub ki, ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2 noyabr 2006-cı il tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin edir. Bu baxımdan, muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm addımlardan biri də 20 illik yubileyi qeyd edilən Müvəkkil təsisatının yaradılması olub.
Tədbirdə Müvəkkil aparatının rəhbəri Qasım Bayramov, şöbə müdiri Vahidə Bayramova və baş məsləhətçi Babək Hacıyev çıxış edərək təsisatın yubileyi münasibətilə təbriklərini ifadə ediblər.
Sonda Ombudsman Günay Rzayeva kollektivi təbrik edib, səmərəli fəaliyyətinə görə fərqlənmiş bir qrup əməkdaş mükafatlandırılıb və təsisatın yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.