21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlbəttə, müasir dövrdə dünya dilləri qlobal təhlükələrlə qarşı-qarşıya qaldığı bir zamanda hər gün dil uğrunda mübarizə aparmaq, bu məsələni daim gündəmdə saxlamaq vacibdir. Lakin xüsusilə bu gün minlərlə dilin taleyinə bir daha diqqət çəkilir və hər bir xalq öz ana dili qarşısında məsuliyyətini bir daha xatırlayır. Beynəlxalq Ana Dili Günü dil bayramı olmaqla birlikdə, həm də xəbərdarlıqdır. Dili qorumaq, yaşatmaq, zənginləşdirmək, istifadə dairəsini genişləndirməklə bağlı bir xəbərdarlıq. Bu gün dilə həsr olunmuş tədbirlərdə, bu haqda yazılan yazılarda bir daha xatırlanır ki, əgər dil qorunmursa, onda xalq da tədricən öz milli kimliyini itirir.
Ana dili insanın dünyaya ilk pəncərəsidir. Uşaq ilk kəlməni ana dilində deyir, ilk dualarını, ilk laylalarını həmin dildə eşidir. Elə buna görə də ana dili xalqın mənəvi genetik kodudur. Bu kod pozularsa, milli kimlik də sarsılar. Bu gün Azərbaycan dili yüzilliklərin sınağından çıxmış, zəngin söz ehtiyatına malik bir dildir. O, Nizaminin poeziyasında hikmətə çevrilib, Füzulinin qələmində eşq olub, Cəlil Məmmədquluzadənin yaradıcılığında isə ictimai vicdan kimi səslənib. Azərbaycan dili tarixin müxtəlif dövrlərində çətin sınaqlarla üzləşsə də, xalqın iradəsi, dilinə olan sevgisi onun bu sınaqlardan uğurla çıxmasına imkan verib. Bu gün bizim dilimiz ulu babalarımızın danışdığı dillə eynidir. Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bunu qeyd edərək deyirdi: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik... Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”. Doğrudan da, xalq qədim ənənələri, zəngin lüğət tərkibi, geniş ifadə imkanları olan bu dili qoruyub, dövlət dili səviyyəsinə yüksəldib. Bu prosesdə dilimizin itirdikləri də olub, qazandıqları da. Bəzən lazımsız alınmalarla kütləvi şəkildə çirklənən dilimiz zamanla özünü təmizləyib, cilalanıb. Milli sözlər əsasında lüğət tərkibi formalaşıb, gərəksiz yad ünsürlər dildən kənarlaşdırılıb. Azərbaycan dili əsrlər boyu xalqımızın taleyi ilə birgə formalaşıb, çətin sınaqlardan keçib və bu gün müstəqil Azərbaycan dövlətinin rəsmi dili kimi böyük siyasi və hüquqi status qazanıb. Təsadüfi deyil ki, son illərdə ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsi məsələlərinə xüsusi diqqət ayırır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, ana dili milli kimliyin əsas göstəricisidir və ona biganə münasibət milli dəyərlərə biganəlik deməkdir. Prezidentin dil siyasəti göstərir ki, dil məsələsi yalnız mədəni yox, həm də strateji dövlət məsələsidir.
Müasir dövrdə dillər üçün təhlükə yaradan bir çox amillər var. Dilin saflığını qorumaq onu başqa dillərdən təcrid etmək deyil, onu düzgün, səlis və məsuliyyətlə işlətməkdir. Yad dillərin təsiri, insanların dilə laqeyd münasibəti, əcnəbi dillərdə danışmaq “dəbi”, sosial şəbəkələrdə dildən nəzarətsiz istifadə dil normalarının kobud şəkildə pozulmasına, dilə lazımsız sözlərin kütləvi və süni gətirilməsinə, dilin orfoqrafik qaydalarına əməl edilməməsinə gətirib çıxarır. Nəticədə isə sözlərin düzgün yazılış və tələffüz forması təhrif olunur. Bu da onların gənc nəslin yaddaşına yanlış formada həkk olunmasına səbəb olur. Həm də bu təkcə Azərbaycan dilində deyil, bütün dünya dillərində gedən prosesdir. Məhz bu təhdidləri nəzərə alaraq Prezident İlham Əliyev öz çıxışlarında deyirdi: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Bu fikir, əslində, müasir dil siyasətinin strateji istiqamətini müəyyənləşdirir. Bu gün Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə, mediada və beynəlxalq müstəvidə ardıcıl şəkildə möhkəmləndirilir. Həmçinin Prezident öz çıxışlarında mütəmadi olaraq müasir dövrümüzdə dilimizin qarşılaşdığı təhlükələrə diqqət çəkir, onların həlli istiqamətində yol xəritəsi cızır, tapşırıqlar verir. Bu çıxışlar və orada öz əksini tapan xəbərdarlıqlar həm də cəmiyyətə açıq mesajdır. Cəmiyyətdə ana dilinə qarşı olan laqeyd münasibət milli kimliyə qarşı səssiz təhdiddir. Bu təhdidi səsli şəkildə dilə gətirən Prezident İlham Əliyev xalqa bununla bağlı açıq xəbərdarlıq edərək deyir: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”. Bəli, Prezident xalqı dilimizin saflığı uğrunda açıq mübarizəyə səsləyir. Bunu milli təhlükəsizlik məsələsi kimi qəbul edir və dili dövlətçiliyin, xalqın qorunmasında güclü bir vasitə hesab edir. Bununla bağlı təkcə narahatlığını dilə gətirmir, eyni zamanda qarşıya konkret tələblər qoyur. Bu tələblər isə təkcə alimlər, jurnalistlər, müəllimlər yox, bütün cəmiyyət qarşısında qoyulur. Ölkə başçısı vurğulayır ki, dil dövlət səviyyəsində qorunur. Onun əsas qoruyucuları bizik. Biz dilimizin hüquqi statusunu qorumalı, funksional imkanlarının zəifləməsinə imkan verməməli və cəmiyyətdə nüfuzunu yüksəltməliyik. Bu, dil təhlükəsizliyinin qorunması deməkdir. Lakin ana dilinin taleyi yalnız qanunlarla deyil, həm də vətəndaş məsuliyyəti, vətəndaşlıq mövqeyi ilə həll olunur. Ana dilinə münasibətdə laqeydlik həm də milli təhlükəsizlik üçün riskdir. Çünki dilin zəifləməsi, məişət dili səviyyəsinə sıxışdırılması milli şüurun da parçalanmasına, ictimai həmrəyliyin sarsılmasına gətirib çıxarır. Bununla bağlı Prezident İlham Əliyev deyir: “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər. Çünki üçüncü-dördüncü nəsil azərbaycanlıların uşaqlarının artıq bəziləri ana dilini bilmirlər. Burada bir çox amillər birləşir. Əsas amillər əvvəl dediyim məsələdir və böyük xalq olduğumuz üçün mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur”. Azərbaycan dili bizim milli-mənəvi dəyərimiz, xalqımızın özünəməxsusluğu olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının birliyinin simvoludur, onları birləşdirən dəyərdir. Bu baxımdan dilin qorunması həm də birliyimizin qorunması, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın arasındakı ünsiyyətin qorunması, möhkəmlənməsi deməkdir. Azərbaycan dilindən düzgün istifadə - düzgün danışmaq və yazmaq milli mövqedir. Bu isə təkcə alimlərin, jurnalistlərin, müəllimlərin deyil, hər bir vətəndaşın mövqeyi olmalıdır.
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətdir. Xalqın mənəvi dünyasının, tarixi yaddaşının və düşüncə tərzinin daşıyıcısıdır. Mədəni irsin ən böyük daşıyıcısı kimi adət-ənənələrin, dəyərlərin, qədim nümunələrin qorunmasında və gələcək nəsillərə ötürülməsində dilin rolu əvəzolunmazdır. Dil həm də düşüncə mədəniyyətini formalaşdırır. İnsan dünyanı dil vasitəsilə dərk edir və ifadə edir. Nitqin səlis, dəqiq və məntiqli olması ümumi düşüncə səviyyəsinin də göstəricisidir. Buna görə də dil mədəniyyəti yalnız düzgün danışmaq deyil, həm də düzgün düşünmək bacarığı ilə bağlıdır. Ana dilini qorumaq keçmişə sədaqət, gələcəyə məsuliyyətdir. Dövlətimizin dilə göstərdiyi diqqət və qayğı bir daha sübut edir ki, Azərbaycan dili bu torpaqda yalnız danışılmır, həm də qorunur, yaşadılır və gələcəyə inamla aparılır.
Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru
