ANA DİLİM

A- A A+

Dil hər bir xalqın milli kimliyinin əsas sütunudur. O, sadəcə ünsiyyət vasitəsi deyil, xalqın tarixini, yaddaşını, dünyagörüşünü və mənəvi dəyərlərini özündə ehtiva edən canlı sistemdir. Ana dili vasitəsilə insan yalnız fikirlərini ifadə etmir, həm də mənsub olduğu millətin ruhunu daşıyır. Bu baxımdan dilin qorunması məsələsi yalnız filoloji deyil, eyni zamanda sosial, mədəni və mənəvi məsələdir.  

Azərbaycan dili dünya dilləri arasında öz melodikliyi, ifadə gözəlliyi və tarixi yaddaşı yaşatma gücü ilə seçilən nadir dillərdəndir. Bu dil xalqımızın milli sərvəti olmaqla yanaşı, onun mənəvi varlığının əsas dayağıdır. İnsan həyatının başlanğıcı ana dili ilə bağlıdır və bu baxımdan o, ana südü qədər müqəddəs və toxunulmaz dəyər hesab olunur.

Azərbaycan dili də əsrlər boyu formalaşaraq zənginləşmiş, müxtəlif tarixi mərhələlərdən keçərək bu günkü inkişaf səviyyəsinə çatmışdır. Bu dil yalnız ədəbi nümunələrdə deyil, həm də gündəlik danışıqda, folklorda, musiqidə və milli-mədəni ənənələrdə öz canlılığını qoruyub saxlamışdır. Ana dilimiz bizim keçmişimizlə bu günümüz arasında körpü rolunu oynayır və gələcək nəsillərə ötürüləcək ən qiymətli miraslardan biri kimi dəyərləndirilir. Azərbaycan dilinin keçdiyi tarixi yol, onun mərhələli inkişafı və zənginləşmə istiqamətləri araşdırılarkən aydın olur ki, İzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi söz ustadları yaradıcılıqlarını məhz ana dilinin zəminində formalaşdırmış və bu dilin imkanlarını ən yüksək səviyyədə nümayiş etdirmişlər. Onların irsi Azərbaycan dilinin ifadə gücünün, poetik zənginliyinin və estetik imkanlarının parlaq göstəricisidir.

Tarixin müxtəlif mərhələlərində dilimiz xarici təsirlərə və təzyiqlərə məruz qalsa da, xalqımızın milli birliyi və iradəsi nəticəsində qorunub saxlanmışdır. Bu prosesdə dövlət xadimlərinin və tarixi şəxsiyyətlərin mühüm rolu olmuşdur. Xüsusilə Şah İsmayıl Xətai Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi istiqamətində ciddi addımlar atmış və bu sahədə tarixi nailiyyət əldə etmişdir.

Mütərəqqi ideyalı, maarifçi-ziyalılarımızdan biri olan, publisist, yazıçı-dramaturq Nəriman Nərimanov isə bir sıra məqalələrində, eləcə də bəzi məruzə və çıxışlarında ana dilindən sonsuz məhəbbətlə, hərarətlə bəhs etmiş, onun müqəddəsliyini, əzəmətini dilə gətirmişdir. Görkəmli ədibin “Bu gün” adlı məqaləsində oxuyuruq: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, qəlbi təlatümə gətirən bir kəlmə! Ana dili! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhunun ən dərin guşələrində nəqş bağlayıbdır”.

Əsl vətəndaşlıq qüruru ilə N.Nərimanovun ana dilimiz haqqında hələ keçən əsrin əvvəllərində xalqımıza söylədiyi mənalı fıkirlər öz mahiyyətini bu gün də saxlamaqda, dolğunluğu və təzəliyi, təsirliliyi ilə diqqətimizi cəlb etməkdədir.

Müasir dövrdə isə bu ənənə Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilmişdir. Onun xalqına olan dərin bağlılığı və milli dəyərlərə verdiyi önəm ana dilimizin inkişafına mühüm təkan vermişdir. Nitq mədəniyyəti, ifadə səlisliyi, fikrin aydın və obrazlı təqdimatı baxımından onun çıxışları əsl nümunə kimi qəbul edilir. Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda dilimizin qoruyucusu və inkişaf etdiricisi kimi də yadda qalmışdır. Onun təşəbbüsü ilə qəbul edilən qərar və sərəncamlar Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyini daha da möhkəmləndirmiş, bu sahədə sistemli və ardıcıl siyasətin formalaşmasına şərait yaratmışdır.

Bu siyasi və mədəni xətt bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə 2004-cü ildə latın qrafikalı nəşrlərin genişləndirilməsi ilə bağlı qəbul edilən qərarlar dilimizin müasir inkişafına mühüm töhfə vermişdir. Prezidentin ana dilində etdiyi yüksək səviyyəli çıxışlar isə dövlət idarəçiliyində dil mədəniyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir və bu sahədə nümunəvi yanaşma formalaşdırır. Bununla yanaşı, dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” və “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin bariz ifadəsidir. Bu sənədlər Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin əsas atributu kimi qorunmasına xidmət edir.

Bu mənada “İstiqlal” ordenli şair Bəxtiyar Vahabzadə ana dilinin əhəmiyyətini yüksək poetik ifadələrlə belə təsvir etmişdir:

Bu dil tanıtmış bizə bu dünyada

hər şeyi,

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək!

Bu misralarda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın daşıyıcısı olduğu vurğulanır. Şair ana dilini əcdadlardan bizə miras qalan ən qiymətli sərvət kimi təqdim edir və onu qorumağı, gələcək nəsillərə saf şəkildə ötürməyi hər bir insanın borcu kimi göstərir. Burada “gözlərimiz tək qorumaq” ifadəsi isə bu məsuliyyətin nə qədər həssas və vacib olduğunu xüsusi olaraq qabardır. Lakin müasir dövrdə müşahidə olunan bəzi mənfi meyillər ana dilinə münasibətdə ciddi narahatlıq doğurur. Xüsusilə bəzi şəxslərin gündəlik ünsiyyətdə ana dilindən uzaqlaşaraq xarici dillərə üstünlük verməsi, doğma dildə danışmağı geridə qalmaq əlaməti kimi qəbul etməsi və dilin saflığına laqeyd yanaşması milli-mənəvi dəyərlərin zəifləməsinə gətirib çıxara bilər.

Bu məsələ ilə bağlı Bəxtiyar Vahabzadə öz kəskin və düşündürücü mövqeyini aşağıdakı misralarda ifadə etmişdir:

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli

sazlar.

Bunlar qoy mənim olsun,

Ancaq Vətən çörəyi,

Sizlərə qənim olsun!

Ana dilindən uzaqlaşmaq təkcə dil məsələsi deyil, bu, həm də kimlikdən uzaqlaşmaq deməkdir. Dilini sevməyən və onu dəyərləndirməyən insanın milli köklərlə bağlılığı zəifləyir. Halbuki hər bir xalqı yaşadan onun dili, mədəniyyəti və yaddaşıdır. Bu dəyərlərə laqeyd yanaşmaq isə gələcək nəsillər qarşısında məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Bu misralarda şair ana dilindən uzaqlaşan, onu ikinci plana atan insanları sərt şəkildə tənqid edir. “Doğma dilində danışmağı ar bilən” ifadəsi milli kimlikdən uzaqlaşmanın acı bir tənqidi kimi səslənir. Şair burada yalnız dili deyil, bütövlükdə milli-mədəni dəyərlərə laqeyd münasibəti qınayır. Qoşmaların və telli sazın qəlbi oxşamaması milli ruhdan uzaqlaşmanın göstəricisi kimi təqdim olunur. “Vətən çörəyi sizlərə qənim olsun” misrası isə bu münasibətin ən kəskin ifadəsidir. Burada şair demək istəyir ki, öz dilini və mədəniyyətini qiymətləndirməyən insanın vətənlə olan mənəvi bağı zəifləyir. Bu, artıq təkcə dil problemi deyil, milli şüur və mənsubiyyət məsələsidir.

Gələcəyin dilçisi kimi hesab edirəm ki, ana dilinin qorunması yalnız emosional bağlılıqla kifayətlənməməlidir. Bu istiqamətdə elmi yanaşma, maarifləndirmə, düzgün dil siyasəti və fərdi məsuliyyət mühüm rol oynayır. Dilin zənginliyini qorumaq, onu təhriflərdən uzaq saxlamaq və gündəlik həyatda düzgün istifadə etmək hər birimizin borcudur. Unutmamalıyıq ki, dilini itirən xalq tədricən tarix səhnəsindən silinməyə məhkumdur. Ana dilinə laqeyd yanaşan cəmiyyət gələcək nəsillərə zəif mədəni irs ötürür. Bu isə milli identikliyin aşınmasına səbəb olur. Ona görə də hər bir şəxs ana dilində danışmalı, onu düzgün və zəngin şəkildə istifadə etməli, ona qayğı ilə yanaşmalıdır.

Sonda isə fikirlərimi Azərbaycan Respublikasının Xalq şairi, “İstiqlal” ordenli Xəlil Rza Ulutürkün “Ana dilim” şeirindən bir parça ilə yekunlaşdırmaq istəyirəm...

Təkcə cümlə deyil, təkcə səs deyil,

Xalqımın gözünün odu-ziyası,

canı, şah damarı, arteriyası,

ən böyük mirası sabahkı nəslə!

Zamandan zamana, əsrdən əsrə

vuruşla yol gələn davalı dilim!

Babək qılıncının davamı dilim!

Kim qoruya bilməyirsə

öz yurdunu, yuvasını,

udmasın yurd havasını.

Kim qorumur öz dilini,

itsin mənim gözlərimdən ilim-ilim,

O sahili bu sahillə birləşdirən

polad körpüm, qılıncımdır,

günəşimdir mənim dilim!

AYLA HÜSEYN

NDU-nun “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə

III kurs tələbəsi,

“NDU Gənc Yazarlar və Ədəbiyyatşünaslar Klubu”nun üzvü              

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: