Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğusu əsasında Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Konstitusiyaya uyğunluğunu araşdıraraq fevralın 18-də qərar qəbul edib.
Məhkəmənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sorğu əmək müqaviləsinə xitam verilərkən işçilərə istifadə olunmamış əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməməsini nəzərdə tutan normanın Konstitusiyanın bərabərlik, sosial dövlət və hüquqların məhdudlaşdırılmasının mütənasibliyi prinsiplərinə uyğunluğu ilə bağlı olub.
Qərarda göstərilir ki, qanunvericiliyə əsasən işçilərə əsas məzuniyyətlə yanaşı, müəyyən kateqoriyalara əmək şəraitinə, əmək stajına, uşaqlı qadınlara, eləcə də işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə əlavə məzuniyyət hüququ verilir. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ödənildiyi halda, əlavə məzuniyyətlərə görə kompensasiya verilməməsi həmin hüququn faktiki həyata keçirilməsini məhdudlaşdırır.
Plenum qeyd edir ki, əlavə məzuniyyət hüququndan obyektiv səbəblərə görə istifadə edə bilməyən işçinin həmin hüquqa görə kompensasiya almaq imkanından tam məhrum edilməsi hüququn mahiyyətini formal xarakterə çevirir və bərabərlik prinsipinə uyğun gəlmir. Eyni zamanda, yalnız əmək münasibətlərinin davam etməsi və ya xitam verilməsi meyarına əsaslanaraq fərqli hüquqi nəticələrin müəyyən olunması obyektiv və ağlabatan əsas kimi qiymətləndirilə bilməz.
Bütün bunları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsində əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsini nəzərdə tutan müddəanın Konstitusiyaya uyğun olmadığını hesab edir və həmin normanın tətbiqinin dayandırılmalı olduğunu bildirir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək əmək müqaviləsinə xitam verilərkən işçilərə istifadə edilməmiş əlavə məzuniyyət günlərinə görə kompensasiyanın əsas məzuniyyət üçün nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilməsi təmin olunmalıdır.
