Novruza aparan yolun ilk müjdəçisi olan Su çərşənbəsi xalqımızın qədim dünyagörüşünü, təbiətə bağlılığını və suya verdiyi müqəddəs dəyəri özündə yaşadan ən əziz günlərdəndir. Bu çərşənbə yazın müjdəçisi olan dörd çərşənbənin birincisidir və həyatın başlanğıcını təcəssüm etdirən su ünsürü ilə bağlıdır.
Xalq inanclarına görə, məhz bu gün sular oyanır. Çaylar çağlayır, bulaqlar dirçəlir, təbiət qışın sükutundan ayılmağa başlayır. Su çərşənbəsi yazın ilk nəfəsi, torpağın ilk canlanma işarəsidir. Su həyatın əsasıdır – insanın varlığında, torpağın bərəkətində, yaşıllığın cücərməsində su dayanır. Bu səbəbdən də əcdadlarımız suya həmişə müqəddəs varlıq kimi yanaşıb.
Qədim adətlərə görə, Su çərşənbəsi səhəri insanlar tezdən axar su üstünə gedər, üzlərini yuyar, suyun üzərindən atlanar, bir-birinə su çiləyərdilər. Bu mərasimlər həm fiziki, həm də mənəvi təmizlənmə anlamı daşıyırdı. İnanılırdı ki, axar su bütün ağırlığı, xəstəliyi, bədbəxtliyi özü ilə aparır, insana ruhi yüngüllük və aydınlıq gətirir.
Bu gün evlərdə də xüsusi hazırlıq görülərdi. Qab-qacaq yuyular, ev-eşik səliqəyə salınar, həyətlər təmizlənərdi. Bu təmizlik təkcə zahiri deyil, həm də daxili yenilənmənin rəmzi idi. Yazın gəlişinə saf niyyətlərlə hazırlaşmaq Su çərşənbəsinin əsas fəlsəfəsidir.
Su həm də şəffaflıq və dürüstlük simvoludur. Ona görə də Su çərşənbəsi insanları kin-küdurəti, incikliyi geridə qoymağa, ürəklərini təmizləməyə səsləyir. Bu gün küsülülərin barışması, böyüklərin ziyarət olunması, xeyir-dua alınması xüsusi əhəmiyyət daşıyır.
Su çərşənbəsi eyni zamanda səməni qoymaq ənənəsinin başlanğıcıdır. Buğda suda isladılır, nəm parçaya bükülür və cücərməsi gözlənilir. Səməninin boy atması həyatın yenidən doğuluşunu, torpağın oyanışını simvolizə edir. Bayram süfrəsinin mərkəzində yer alan səməni bolluq, ruzi və bərəkət arzularının ifadəsidir.
Su çərşənbəsi Novruzun ilk addımı, yazın ilk müjdəsi, insan ruhunun ilk oyanışıdır. O, bizə xatırladır ki, həyat daim yenilənir və hər başlanğıc təmiz niyyətlə, saf qəlblə daha gözəl olur.
Nurtac İsmayılova
