Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

Fevralın 24-də Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüş keçirilib.

Bu barədə NUHÇIXAN-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı yayımçılara "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tələbləri ilə bağlı, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na, "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı"na, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2030-ci illər üçün Fəaliyyət Planı"na, "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"na, "Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"na, "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na və digər bu kimi sənədlərə uyğun olaraq proqramlar hazırlamalı olduqlarını və yayımlanmış efir materialları barədə mütəmadi hesabatlar təqdim etmələrinin zəruriliyini bildirib.

Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatının İnformasiya sahəsində 2026-cı il üçün Fəaliyyət Planı çərçivəsində audiovizual yayımçıların görməli olduqları işlər müzakirə olunub, yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatların məzmunu və formalarına dair məsələlərə də toxunulub.

Daha sonra, Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Xoşqədəm Zeynalova "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci il 24 dekabr tarixli Qərarına dair təqdimatla çıxış edib.

Görüş mövzu üzrə sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, görüşdə Naxçıvan televiziyasının Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri İlkin Rzayev də iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: