İnsan sağlamlığı əsas məsələdir - FOTOLAR
7 aprel Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur
Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi diqqətdə saxlamış, ölkəmizdə kompleks səhiyyə quruculuğunun əsasını qoymuşdur. Bu gün dövlət başçısı cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Muxtar respublikada da əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Son illər tikilərək və ya yenidən qurularaq istifadəyə verilən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, dispanserlər, həkim ambulatoriyaları insan amilinə verilən dəyərin daha bir ifadəsidir.
Muxtar respublikanın səhiyyə sistemində aparılan quruculuq işlərinin və islahatların əhatə dairəsi xeyli genişlənmişdir. Sədərək Rayon Mərkəzi Xəstəxanası, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi, ötən ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərinin müasir tələblər səviyyəsində təşkilinə hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamı və “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və yaylaqlarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə həkim briqadaları tərəfindən də yerlərdə müayinə-müalicə işləri aparılır. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcmini və keyfiyyətini artırmışdır. Uşaqlara göstərilən tibbi xidmət səviyyəsinin yüksəldilməsi, icbari dispanserizasiyanın aparılması və uşaq ölümünün azaldılması istiqamətində uğurlu nəticələr əldə edilib. Həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, yeni avadanlıqlarla təmin edilməsi, Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması, binanın müasir üslubda yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi dövlət proqramının icrası istiqamətində görülən işlərdəndir. Dispanserizasiya zamanı aparılmış müayinə və müalicə, sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyatının aparılması və dispanserizasiya ilə əhatə olunmuş uşaqların registrinin təkmilləşdirilməsi üçün səhiyyə informasiya sistemi yaradılmış və Səhiyyə Nazirliyində dispanserizasiyadan keçən uşaqların elektron qeydiyyatına inteqrasiya edilmişdir.
Muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daim nəzarətdə saxlanılır. Bu günədək şəhər və rayon xəstəxanalarında 34 hemodializ aparatı qurulub. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 123 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb. Son illər strateji əhəmiyyətli məsələ kimi, qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılmış, talassemiya və hemofiliyalı xəstələrin hərtərəfli müalicəsi təmin edilmişdir.
Ən mühüm uğurlardan biri də xəstəxanaların müasir avadanlıqlar və təcili yardım avtomobilləri ilə təmin olunmasıdır. Ötən il noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin təqdim olunması bu xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb. Muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporal Membran Oksigenasiyası kimi insan həyatı üçün mühüm olan cihazla təmin edilib. Səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Səhiyyə müəssisələrində Təcili yardım, Elektrokardioqrafiya, Exokardioqrafiya, EKQ-tredmil, Rentgen, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində Polimeraz zəncirvarı reaksiyası (PZR) üçün termik dövr cihazından istifadəyə başlanılması səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində növbəti uğurlardan biridir.
Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzində quraşdırılan Angioqrafiya aparatı xəstəliklərin müayinə və müalicə səviyyəsini yüksəldib.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır. Bunun nəticəsidir ki, muxtar respublikada kəskin və təhlükəli yoluxucu xəstəliklər müşahidə olunmur. Muxtar respublika ərazisində hepatit B və C virus infeksiyalarının qarşısının alınması sahəsində də tədbirlər genişləndirilmişdir. Nikaha daxil olmaq istəyənlərin öncədən tibbi müayinədən keçirilməsi, ekspres üsulla hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə yoxlanılması davam etdirilir.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan müalicə turizmi xidmətləri muxtar respublikanın ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 4 min xəstə qəbul edir. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanların yuxarı tənəffüs yolları xəstəlikləri müalicə olunur. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası da səhiyyə turizminin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır. Artıq muxtar respublikada ötən ildən sanator-kurort müalicələrinə başlanılıb. Bakı və Sumqayıt şəhərlərindən əlilliyi olan şəxslər 10 gün müddətində Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzində “Şorsu” palçığı ilə və digər fizioterapevtik üsullarla müalicə alıblar.
Bu gün fizioterapiya ilə müalicənin rayon və kənd səhiyyə müəssisələrində də aparılmasına şərait yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulub. İndi, hətta ucqar dağ və sərhəd kəndlərində xəstələrin elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla, parafinlə, Solyusk lampası ilə müalicə aparatları vardır.
Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır.
Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində hər ay minlərlə insan ambulator və stasionar müalicə olunur. İndi yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunub. Artıq mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir. Sosial layihələr çərçivəsində təkcə 2018-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 662 cərrahi əməliyyat, o cümlədən 9 ürək qüsuru olan uşaqda əməliyyat, 134 xəstədə göz və 519 xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salıb. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına ciddi təkan verib. Belə ki, 1995-ci ildə muxtar respublikada orta ömür uzunluğu 69 yaş təşkil edirdisə, indi bu göstərici 78,6 yaş səviyyəsindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Muxtar respublikanın tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti