Naxçıvanlı ziyalılar Birinci Dünya müharibəsi illərində Türkiyəyə yardım hərəkatında fəal iştirak ediblər - FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandırdığı Azərbaycan və Türkiyənin qardaşlıq, dostluq ənənələri zəngin tarixə malik olmaqla əsrlərin sınağından çıxmış, daim möhkəmlənmişdir. Bu dostluğun ən unudulmaz və ibrətli səhifələri sırasında Birinci Dünya müharibəsi illərindəki qarşılıqlı əlaqələr özünəməxsus yer tutur.
Məlumdur ki, 1914-cü ildə başlanmış Birinci Dünya müharibəsində qardaş Türkiyə çox ağır zərbələr almışdı. Cənub-qərbi Qafqazın, Şərqi Anadolunun əsrlərdən bəri türklərin məskunlaşıb yaşadığı geniş bölgələrində o zaman qanlı döyüşlər baş vermiş, nəticədə, on minlərlə müsəlman-türk yurd-yuvasını itirərək qaçqın vəziyyətinə düşmüş, ən ağır məhrumiyyətlərə düçar olmuş, yaxud öldürülmüş, yaralanmış, əsir götürülmüşdü. Belə bir vaxtda özləri də problemlər məngənəsində sıxılan azərbaycanlılar türk xalqına yardım əlini uzatmağı qardaşlıq borcu sayaraq əhəmiyyətli tədbirlər həyata keçirməyə başladılar.
1915-ci ilin 26 yanvarında Bakıda Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin yığıncağında Osmanlı türklərinin ağır vəziyyəti, onlara köməklik göstərilməsinin vacibliyi nəzərə alınaraq tanınmış ictimai xadim Mirzə Əsədullayevin rəhbərliyi ilə doqquz nəfərlik yardım komitəsi yaradılmışdı. Yardım işini daha yaxşı həyata keçirmək üçün bəzi digər şəhərlərdə komitənin yerli qurumları da təşkil olunmuşdu. Azərbaycanın hər yerində əhali “Qardaş köməyi” adını almış bu hərəkata könüllü şəkildə qoşulmuş, türk xalqına yardım üçün çox böyük məbləğdə vəsait toplanmışdı. Bu vəsaitlərin bir qismi Bakıda və digər şəhərlərdə türkiyəli qaçqınların qəbulu və yerləşdirilməsinə, onların ehtiyaclarının ödənilməsinə, cəbhə bölgələrindən gətirilmiş yaralıların müalicəsinə və bu kimi başqa problemlərin həllinə sərf olunurdu. Digər tərəfdən isə Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin formalaşdırdığı bir sıra yardım qrupları Türkiyənin Qars, Ərzurum, Ərdəhan, Bəyazid, Trabzon, Rizə və digər bölgələrinə gedərək ehtiyacı olanlara zəruri köməyin göstərilməsini təşkil edirdilər. Həmin qrupların fəaliyyətinə ümumi rəhbərlik tanınmış ictimai xadim Xosrov bəy Sultanova həvalə olunmuşdu. Yardımlar isə çoxşaxəli idi. Ev-eşiyi dağıdılmış, yaxud qaçqın düşmüş müsəlman-türk əhalisi üçün müvəqqəti sığınacaqlar təşkil olunur, onlar ərzaq və geyimlə təchiz edilir, xəstə və yaralılara tibbi yardımlar göstərilirdi.
O dövrün araşdırdığımız mətbuat və arxiv materiallarına əsasən deyə bilərik ki, yardım dəstələrinin tərkibində naxçıvanlı ziyalılar da ardıcıl və hərtərəfli fəallıq göstərmişlər. Qaynaqlardan bəzilərinin məlumatlarına nəzər salaq.
Xosrov bəy Sultanov Bakıda 1917-ci ilin mayında çıxmış “Qardaş köməyi” adlı məcmuədə dərc etdirdiyi “Bakı Musəlman Cəmiyyəti-Xeyriyyəsi hərbzədələrə yardım şöbəsinin fəaliyyəti” adlı hesabat xarakterli məqaləsində 1915-ci ildən etibarən Qars, Trabzon, Ərzurum, Bəyazid və digər ərazilərdə təşkil olunmuş çoxşaxəli yardım tədbirlərinin yerli əhali tərəfindən dərin razılıqla qarşılanmasının heyət üzvlərini daha da ruhlandırdığını nəzərə çatdırmaqla yanaşı, bu işlərdə fəal iştirak edən ziyalılar sırasında bir neçə nəfər naxçıvanlının da adını ehtiramla çəkmişdir. Xosrov bəy yazırdı: “Bu işdə məsul vəkil və müdir olduğum üçün bunu da bəyan etməliyəm ki, … gördüyümüz himmət və həmiyyət və maddi müzahirət bütün şöbələrdə çalışanlara qüvvəti-qəlb və ruh verərək onları öz vicdanlarının tələb etdiyi gibi çalışmağa vadar ediyordu. Çalışanların isimləri bunlardır: köməkçilərimiz: X.Axundzadə, Ə.Axundzadə, Ə.Nəzərəliyev, Rəfibəyov, Rza Qaraşəhərov, M.Məhəmmədov, Hüseynov, R.Lətifbəyov, M.İlyasov, R.Əliyev, Əli Qasımov, D.Seyidov, Soltanov, Xanım Ordubadskaya … Qars oblastı vəkilləri: Əlixan Qantəmirov, Əhməd bəy Pepinov, doktor Əliverdibəyov, doktor Ordubadski…”
Dəqiqləşdirdik ki, burada adı keçən şəxslərdən üçü naxçıvanlıdır. Əli Qasımov əslən Nehrəm kəndindən olan yazıçı-publisist, ictimai xadim Əli Səbri Qasımovdur. Qars bölgəsində göstərilən yardımların təşkilində məsul şəxslərdən biri kimi xatırladılan doktor Ordubadski həmyerlimiz, Kiyev Universitetinin Tibb fakültəsinin məzunu, həkim Firuz bəy Ordubadskidir, “Xanım Ordubadskaya” isə onun həyat yoldaşı Gülsüm xanımdır.
Bakıda çıxan “Açıq söz” qəzetinin 27 noyabr və 18 dekabr 1915-ci il tarixli saylarındakı məlumatlardan da öyrənirik ki, Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi tərəfindən Qarsda təşkil olunmuş “Səhiyyə dəstəsi” çoxsaylı müsəlman-türk əhalisinə geniş miqyasda tibbi yardımlar göstərmişdir. Həmin tibbi heyətin fəaliyyətinə ilk dönəmdə məhz doktor Firuz bəy Ordubadski rəhbərlik etmiş, sonra isə onu Bahadur bəy Əliverdibəyov əvəzləmişdir.
Araşdırmalar göstərir ki, Firuz bəy və Gülsüm xanım Ərdəhan bölgəsində də yardım işlərinin təşkilində mühüm rol oynamışlar. O illərdə Tiflisin rusdilli mətbuatında türklərə qardaş köməyi barədə bir sıra məqalələr dərc etdirmiş tanınmış yazıçı-publisist Eynəli bəy Sultanov “Zakafkazskaya reç” qəzetinin 1915-ci ildəki 57-ci sayında “Müharibədən əziyyət çəkən müsəlmanlara” adlı məqaləsində doktor Sultanovun (Xosrov bəy Sultanov nəzərdə tutulur) mətbuatda verdiyi məlumatlara istinadən yazırdı ki, Ərdəhan okruqunun Xanlar kəndində on çarpayılıq xəstəxana, onun yanında isə iaşə məntəqəsi açılmışdır. Həmin məntəqəyə həkimin həyat yoldaşı Gülsüm xanım Ordubadskaya rəhbərlik edir. Burada xatırladılan həkim, sözsüz ki, məhz doktor Firuz bəy Ordubadskidir. Eynəli bəy bir təsirli fakta da diqqət yönəldirdi: “Ərdəhan bölgəsindəki Dəyirman köy adlı kənddə müharibədən ziyan çəkmişlərə yardım məqsədilə tibb məntəqəsi açılarkən “hamı sevincdən ağlamış, qadınlar və uşaqlar isə xanım Ordubadskayanı doğma ana kimi qucaqlayaraq öpmüşdülər”.
Türkiyəyə yardım hərəkatında ən çox fəallıq göstərən naxçıvanlı ziyalılar sırasında Əli Səbri Qasımovun xüsusi xidmətləri olmuşdur. Xosrov bəy Sultanov yuxarıda istinad etdiyimiz məqaləsinin başqa bir yerində yazırdı ki, rəhbərliyində Əli Səbri Qasımovun da olduğu heyətin üzvləri 1916-1917-ci illərdə müsəlman-türk əhaliyə yardım tədbirlərinin təşkilində xüsusi fəallıq göstərmiş, “Xoryadan başlamış bütün Anadolu səvahilində 53000 put qarğıdalı paylamış və vəzifələrini parlaq surətdə ifa etmişlərdi”.
Əli Səbrinin xatirələrindən də öyrənirik ki, o, Qara dəniz sahillərinə qədər gedərək geniş ərazidə yardımı təşkil edən dəstədə olmuşdur. Əli Səbri yazırdı: “Dəstənin başçısı mən idim, çünki “Cəmiyyəti-xeyriyyə”də katib işləyirdim. Biz Batumi, Trabzon və sair şəhər və qəsəbələrdə olduq. Harda qaçqın görürdüksə, dərhal ona kömək göstərirdik. Batumidə “Cəmiyyəti-xeyriyyə”nin xüsusi qərargahını təşkil etdik. Bu qərargahın vəzifəsi qaçqınlara paltar və qarğıdalı paylamaq idi. Batumidə paraxodlarla qarğıdalı alınar, şəhərlərə, qəsəbələrə, kəndlərə göndərilərdi. Rəhbərlik etdiyim dəstədə bu məqsədlə on bir nəfər iş görürdü...”
Məlumdur ki, çar Rusiyasının silahlı qüvvələri 1916-cı il aprelin 18-də Trabzonu tutmuşdular. Bundan sonra orada vəziyyət çox ağırlaşmışdı. Belə bir vaxtda həmin bölgənin türk-müsəlman əhalisinə yardımı daha sistemli təşkil etmək üçün Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin oradakı nümayəndəliyi böyük işlər görürdü. Türkiyəli tədqiqatçı Betül Aslan bu barədə yazır: “Trabzonun işğal edildiyi 1916-cı ildə gəlib türk qardaşlarına hər sahədə yardım və dəstək olan Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin təmsilçiləri şəhərin qurtarıldığı 24 fevral 1918-ci il tarixinə qədər keçən iki il içində Trabzon və çevrəsindəki türk xalqının yaralarını sarımış, onlara rəhbər olmuş, hər cür təhlükəni gözə alaraq çalışmışdılar”.
Bütün bu işlərdə Əli Səbrinin böyük rolu olmuşdur. Bakıda çıxan “Açıq söz“ qəzetinin 18 avqust 1917-ci il tarixli sayındakı “Xüsusi teleqraf” başlıqlı xəbərdən öyrənirik ki, Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin Trabzon bölgəsində fəaliyyət göstərən heyətinə bir müddət məhz Əli Səbri rəhbərlik etmişdir. Həmin xəbərdə oxuyuruq: “Trabzon müsəlman xeyriyyəsinin vəkili Əli Səbri Qasımov – sədr, uprava əzası Zehdi əfəndi Zehdizadə – sədr müavini, məktəbi-rüşdiyyə müdiri Bəyzadə Mustafa əfəndi katib intixab edilmişdir. Hər tərəfdən ianələr gəlməkdə və əzalar yığılmaqdadır”.
Əli Səbrinin xatirələrindəki aşağıdakı cümlələr də onun türklərə yardım hərəkatında vicdanla, dərin humanist qayə ilə iştirak etdiyini göstərməkdədir: “Biz öz xidməti vəzifəmizi layiqincə davam etdirir, ...bütün qaçqınlara kömək əli uzadırdıq. At belində kəndləri o qədər gəzib dolaşmışdıq ki, bizi görən kimi tanıyırdılar. Üç-dörd aydan sonra bir kəndə yenidən ayaq basanda qoca qadınlar sevinir, ucadan deyirdilər: “Qurban olduğum yenə gəldi”. O zaman bu sözü eşitmək nəyə desən, dəyərdi”.
Yazıçının xatirələrindən bəlli olur ki, o, Trabzonda ikən həmin yerlərdə elmi ekspedisiyada olan məşhur akademik Krımski ilə də görüşmüşdür. Ə.Səbri onu da xatırlayırdı ki, Trabzonda müsəlman-türk əhali ilə rus hərbçiləri arasında tərcüməçilik etməsi bəzi şovinist qüvvələri qəzəbləndirmiş, hətta millətçi Qunaris onun həbsi üçün müvafiq order də hazırlatmışdı. Krımskinin vasitəsilə bundan xəbər tutan Ə.Səbri məcburən Trabzonu tərk edərək Batumiyə üz tutmuş, orada da təqiblər ara vermədiyindən Gəncəyə, sonra Qazaxa gəlmişdir. Lakin az sonra geri dönüb yenə də yardım işlərində iştirakını davam etdirmişdir.
Tədqiqat göstərir ki, Ə.S.Qasımovun gördüyü çoxşaxəli işlərdən biri də getdikləri yerlərdəki vəziyyət barədə hərtərəfli məlumat hazırlayaraq Bakıya göndərməsi olmuşdur. “Açıq söz” qəzetinin 14, 15, 16 və 17 avqust 1917-ci il tarixli saylarında dərc olunmuş “Trabzon məktubları” başlıqlı silsilə məqalələri bu baxımdan maraq doğurur. İndiyədək araşdırılmayan həmin məqalələrdə o zaman qardaş türk xalqının başına gətirilən müsibətin mahiyyət və miqyası barədə konkret faktlar əsasında söz açılmışdır. Ə.Səbri müxtəlif millətçi-şovinist qüvvələr tərəfindən Trabzonda həyata keçirilmiş çoxşaxəli qarətlər, dağıntılar barədə məlumat vermiş, həmçinin evlərini tərk etməyə məcbur olmuş qaçqınların yurd-yuvalarının talandığını ürək yanğısı ilə dilə gətirmişdir: “Türklərə məxsus olub yıxılmış evlərin miqdarı dörd minə qədər varıyor... Şimdi vətənlərini tərk etmiş əhali övdət edərkən (qayıdarkən) bunlar nerədə sakin olacaqları və nasıl yaşaya biləcəkləri məlum deyildir”.
Yurd-yuvasını tərk etməmiş türklərin isə daha başqa bəlalara düçar olması, təhqirlərə, terrora məruz qalması, saxta böhtanlarla həbsə alınması, əsir götürülməsi barədə də məqalədə çoxlu faktlar vardır. Ə.Səbri rus çarizminin Trabzondakı rəsmilərindən olan general Lyaxovun kömək üçün üz tutan türklərə: “Belə ufaq, kiçik məsələlərlə uğraşmağa vaxtım müsaid deyildir” deməsini də təəssüflə xatırlatmışdır. Ə.Səbri müşahidə etdiyi hadisələrə həssaslıqla yanaşmış, müxtəlif təxribatçı qüvvələrin iç üzünü də açmışdır. Məsələn, o yazırdı ki, Trabzon bölgəsinin müxtəlif yerlərində bir neçə matros öldürülmüş, təxribatçı qüvvələr bunu türklərin etməsi barədə əsassız şayiələr yaymışdılar: “Belə hadisələr təsadüfi deyildir. Yalnız xüsusi bir dəstənin tərtib verdiyi bir planın icrasıdır...” Ə.Səbri Trabzonda görüşdüyü məşhur alim Krımskinin də törədilmiş dağıntılara təəssüflə yanaşdığını məqalədə xatırlatmışdır.
“Trabzon məktubları”nda əsas diqqəti bölgənin ağır vəziyyətinə yönəldən Ə.Səbri yerli əhalinin onların yardım dəstəsinə ümid yeri kimi baxmasına, özlərinin isə müraciətlərə operativ və həssas yanaşmalarına dair bəzi faktları da nəzərə çatdırmışdır. Məsələn, məqalədə oxuyuruq: “İyul ayının 21-də səhər saat 9-da iki türk qorxmuş, rəngləri ağarmış kəndilərini (özlərini) mənim mənzilimə saldılar. – Əfəndim, qətl etdilər. Gəliniz! – deyə dışarı çıxdılar. Arxalarından qoşdum. Mənim köməkçilərim də əqəbimcə (arxamca) gəldilər”. Yaxud: “Bu sətirlərin və yazıların irəli günü idi ki, mənim idarəmə qayət təmkinli, müəzzəb, yazıq, cavan bir qadın gəldi. Bu qadını başqa bir qarı müşayiət edirdi. – Əfəndim! Məni xilas ediniz! Siz bilirsiniz, əfəndim, – deyə qadın dərdini mənə anlatdı...”
Eynəli bəy Sultanovun 2016-cı ildə rus dilində nəşr olunmuş “Publisistika” adlı kitabında ədibin yazılma və nəşr ili bilinməyən əsərləri sırasında verilmiş “Trabzon xəbərləri” adlı məqaləsi ilə bağlı müəyyən məsələləri də apardığımız tədqiqat nəticəsində dəqiqləşdirə bildik. Məqalənin əvvəlində E.Sultanov yazırdı ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Trabzondakı səlahiyyətli nümayəndəsi Ə.S.Qasımov (Əli Səbri Qasımov) bu yerlərin ruslar tərəfindən tutulmasından sonra şəhərin və onun əhalisinin ağır vəziyyətini təsvir edən geniş materiallar təqdim etmişdir. Bundan sonra isə E.Sultanov məqalədə Trabzon bölgəsindəki dözülməz şərait, törədilmiş qırğınlar, yürüdülən ayrı-seçkilik siyasəti və sair barədə faktları qruplaşdıraraq müfəssəl şəkildə nəzərə çatdırmışdır... Müqayisəli təhlillər sonunda müəyyənləşdirdik ki, Eynəli bəy Sultanovun misal gətirdiyi faktların, məlumatların hamısı məhz Əli Səbri Qasımovun “Trabzon məktubları” silsiləsindən götürülmüşdür. Bu həm də o deməkdir ki, Eynəli bəyin həmin məqaləsi Ə.Səbrinin “Trabzon məktubları”nın dərcindən sonra yazılmışdır...
Trabzon və ətraf bölgələrdə Əli Səbri ilə yanaşı, başqa bir həmyerlimiz – yazıçı, publisist və tərcüməçi, Qori Seminariyasının məzunu Ələkbər Qərib Naxçıvanlı da müsəlman-türk əhaliyə yardım tədbirlərində yaxından iştirak etmiş, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir...
Nəhayət, onu da deyək ki, Bakıda 1917-ci ildə bir sayı nəşr olunmuş “Qardaş köməyi” adlı məcmuənin satışından gələn gəlir də türklərə yardıma yönəldilmişdi. Həmin məcmuədə A.Şaiq, Ə.Cavad, Ö.F.Nemanzadə, A.Səhhət, S.Mümtaz və digər ədiblərlə yanaşı, məşhur romantik sənətkarımız Hüseyn Cavid “Hərb və fəlakət”, sürgündə olan M.S.Ordubadi isə “Hürr-hürriyyətə” şeiri ilə iştirak etmişdilər. Hüseyn Cavid ağır vəziyyətə düşmüş türklərin köməyə ehtiyacını vurğulayaraq kədərlə yazırdı:
İştə bax! Yavrular, xanım qızlar Titriyor pənceyi-fəlakətdə, Həp ölüm qarşısında, zillətdə. Həpsi avarə, həpsi ac-çılpaq, Həpsi biçarə... Bax, gözündən iraq?! Həpsi qan ağlıyor da zaru-zəbun Həpsi məhzun, şikəstəpər, dilxun... Bir kömək, bir pənahgah arıyor…
Onu da deyək ki, Hüseyn Cavidin sovet dövründə nəşr olunmuş kitablarında “Hərb və fəlakət” şeirinin türklərin ağır vəziyyətindən söz açılan, yuxarıdakı misraların da daxil olduğu üçüncü hissəsi verilməmişdir. Hüseyn Cavidin kitablarında “Məzlumlar üçün” adıyla çıxmış başqa bir şeiri də türklərə yardım mövzusundadır və tam adı, əslində, “Kars və Oltu ətrafında səbəbsiz olaraq alçaqcasına qətl və yəğma еdilən məzlumlar için” olmuşdur. Bu şeirdə: “Aman! Əsirgəməyin mərhəmətlə imdadı”, – deyərək həmvətənlərimizi müharibədən zərər görmüş qardaş xalqa yardım göstərməyə çağıran şair türklərin ruhdan düşməməsini, mübarizə aparmalarını da vacib saymışdır. Hüseyn Cavid “Türk əsirlərinə” şeirində isə o zaman ruslar tərəfindən əsir götürülərək Xəzər dənizindəki Nargin adasına gətirilmiş türklərin acınacaqlı vəziyyətindən kədərlə söz açmış, yenə də yurddaşlarını qardaş xalqın faciəsinə laqeyd qalmamağa səsləmişdir...
Göründüyü kimi, naxçıvanlı ziyalılar Birinci Dünya müharibəsi illərində türklərə yardım hərəkatında həm əməli fəaliyyətləri, həm də bədii, publisistik əsərləri ilə yaxından iştirak etmişlər.
Hüseyn HƏŞİMLİ Əməkdar elm xadimi, professor