Bədən tərbiyəsi böyüməkdə olan gənc nəslin  ümumi tərbiyəsinin tərkib hissəsidir

A- A A+

İdman sağlam həyat tərzidir. Muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsində gənclərin bədən tərbiyəsi və idmana olan marağı gündən-günə artır. Hər il idman infrastrukturu müasirləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində idmanın maddi texniki bazası yüksək səviyyədə möhkəmləndirilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması, nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması muxtar respublikamızı idman məkanı kimi tanıdıb. Muxtar respublikamızda idmanın kütləviliyinə də xüsusi diqqət yetirilir. Bu sahədə qazanılan uğurlar sağlam gənc nəslin yetişməsi ilə nəticələnir. Şübhəsiz ki, bu nailiyyətlərin əsasında muxtar respublikamızda həyata keçirilən idman siyasəti dayanır. Məktəb bu siyasətin ilk bazası rolunu oynayır.

Bu gün Naxçıvanda aparılan abadlıq-quruculuq işlərində məktəb tikintisi prioritet istiqamət təşkil edir. Ümumtəhsil məktəblərinin idman zalları və həyətlərində quraşdırılmış idman qurğuları gənc nəslin mütəmadi olaraq idmanla məşğul olmalarına şərait yaradıb. Bundan başqa üzgüçülük mərkəzləri, rayonlardakı uşaq-gənclər və şahmat məktəbləri, minifutbol meydançaları şagirdlərin fiziki cəhətdən sağlam böyümələrində əsas vasitələrdən biridir.

Bu cür idman zalları və idman qurğuları Culfa rayonunun hər bir yaşayış məntəqəsində olduğu kimi Saltaq kənd tam orta məktəbində də mövcuddur. Məktəbimizdə bədən tərbiyəsinin inkişafına xüsusi diqqət yetirilir. Əgər yaxın keçmişimizi yada salsaq görərik ki, Sovet dönəmində məktəblərdə "Bədən tərbiyəsi" deyilən dərsin yalnız adı var idi.  Bunun üçün heç bir dərslik və metodiki vəsait də yox idi. Dərslərin keçirilmə keyfiyyəti isə müəllimin insaf və yaradıcı qabiliyyətindən asılı idi. Bu gün isə ümumtəhsil məktəblərimizdə şagirdlərin fiziki tərbiyəsi üçün hər cür şərait yaradılıb. Bütün siniflər üçün "Fiziki tərbiyə" dərslikləri və "Müəllim üçün metodik vəsait"lər mövcuddur. Müəllim və şagird hər dərsdə nə keçəcəyini və necə tədris edəcəyini yaxşı bilir. Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri vardır. Proqram tədris materialları əsasında ardıcıllıqla öyrədilir. Çünki fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsi sayılır. Fiziki tərbiyə ilə məşğul olan gənclər qamətli, şən, gümrah, sağlam şəkildə böyüyürlər. Onlar zehni cəhətdən daha yaxşı inkişaf etmiş olurlar. Təcrübələr göstərir ki, fiziki və mənəvi cəhətdən inkişaf etmiş şəxslər ictimai həyatda da, təsərrüfat quruculuğunda da başqalarından fərqlənirlər. Onlar daha yaxşı işləyir, işə olan fərəhi, həvəsi daha güclü olur. İşləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir. Bir sözlə, uşaqlar fiziki tərbiyə ilə müntəzəm məşğul olduqda, həyat üçün zəruri olan hərəki bacarıqlar da qazanırlar.

Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və sair hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik, dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı yolla əməyə hazırlayır.

Dərslərdə müəllim şagirdlərə hərəki fəaliyyətlərini etik normalar əsasında qurmağı da tövsiyə etməlidir. Şagird öz fiziki potensialını reallaşdırarkən, inadkarlıq nümayiş etdirərkən komanda yoldaşlarına və rəqiblərinə xəsarət yetirməməli, özünün və başqalarının sağlamlığını hər şeydən üstün olmasını açıq dərk etməlidir. Gücünə, bacarığına, qabiliyyətinə görə şagird komandada öz yerini və rolunu müəyyənləşdirməyi bacarmalı və bu yöndə müəllim ona yardımçı olmalıdır.

Sevindirici haldır ki, bu gün rayonumuzun Saltaq kənd tam orta məktəbində müasir idman zalı, açıq idman qurğuları şagirdlərin istifadəsinə verilib. Kəndimizdə mövcud olan stadion da uşaq-yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq duraraq asudə vaxtlarını səmərəli təşkil etməyə imkan verir.

 

Ağa  Kəngərli,

Saltaq kənd tam orta məktəbinin müəllimi

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: