Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın qəbul olunmasından sonra Culfa rayonunda bir çox kəndlərində regiona uyğun meyvə bağlarının salınması istiqamətində həyata keçirilən tədbirlər ilbəil artır.
Rayonun bir çox kəndlərində olduğu kimi, Əbrəqunus kəndində də meyvəçiliyin inkişafı diqqətdə saxlanılır. Kənd sakini Əliqulu Əsgərov müqavilə əsasında bələdiyyə torpağından 0,4 hektar götürərək meyvə bağı salıb. Salınan bağda yerli şəraitə uyğun 400-dən artıq alma, ərik, gilənar, şaftalı, gilas, armud və s. ağac tingləri əkilib.
Əliqulu Əsgərov söhbət zamanı bildirir ki, muxtar respublikamızda ailə təsərrüfatlarına göstərilən dövlət qayğısı bizi meyvə bağı salmağa ruhlandırıb. Saldığı bağ sahəsini əvvəlcədən münbit vəziyyətə gətirib. Meyvə tinglərinin əksəriyyətini calaq yolu ilə sortlaşdırıb. Gələcəkdə ailə təsərrüfatımı genişləndirməyi, təsərrüfatımızdan səmərəli istifadə etməklə kompot və mürəbbələr bağlamaq üçün sex yaratmağı da nəzərdə tutub.
“Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Biz də yaxşı bilirik ki, indi zəhmət çəkməsək, əkib-becərməsək sonda rahatlıq tapa bilmərik. Ona görə də saldığımız bağa aqrotexniki qaydada qulluq göstərəcəyəm”-deyə həmsöhbətimiz bildirir.
Culfa rayonunda bağçılığın inkişaf etdirilməsi həm əhalinin meyvəyə olan tələbatını ödəmiş olacaq, bolluq yaradacaq, həm də yeni yaşıllıq zolaqlarının yaradılmasına, təbiətimizin saflaşmasına, gözəlləşməsinə gətirib çıxaracaqdır.
“Arazın səsi” qəzeti