Yaşıllıq uzunömürlüyün ən vacib amillərindəndir

A- A A+

Təbii ki, ağacların, güllərin, çiçəklərin havanı təmizləməsi ilə yanaşı insanlara estetik zövq bəxş etmə üstünlüyü olduğunu hamımız yaxşı bilirik. Məhz elə buna görə də bu gün muxtar respublikada bu sahəyə xüsusi diqqət ayrılır. Əslində təbiətin bir qədər sərt olduğu Naxçıvanda son illər aparılan yaşıllaşdırma, meşə və baş salma işləri sanki insanların təbiətə meydan oxumasıdır. Çünki bu gün yaşıllıqlar salınan elə yerlər var ki, onlar əkinə yararlı olmayan dağ yamacları, çox da iri olmayan təpələrdir. Hətta deyə bilərik ki, bu yerlərdə ümumiyyətlə təbiət yaranandan ağac, kol bitməyib. Amma indi naxçıvanlıların zəhməti hesabına bu yerlərdə salınan yaşıllıqlar uzaqdan diqqəti çəkir. 

İndi- ilin bu vaxtı isə bu ağac əkmə daha çox nəzərə çarpır. Paytaxt şəhərimiz Naxçıvanda da bu istiqamətdə işlər görülür. Burada yaşıllıqların artırılması, qorunması həm də çox vacibdir. Ona görə ki, əhalinin çoxluğu, maşınların sıxlığı baxımından və həm də qonaqların ilk üz tutduğu ünvan  olduğundan Naxçıvan şəhərinin yaşıllığı, gözəlliyi  daha çox diqqət  tələb edir. Yaşıllığın artırılması, onlara göstərilən qulluğun nəticəsində indi Naxçıvanın park və meydanları istirahət etmək üçün bir guşəyə çevrilib. 

Bu gün bu parklarda gəzişən hər bir vətəndaş yaxşı bilir ki,  yaşıllıq insanların uzunömürlü olmasında vacib amildir. Bu gün şəhərimizin hər bir tərəfi istirahət etmək üçün əla məkandır.  Bir də yaşıllıqların qoynunda, gül-çiçəyin əhatəsində kim dincəlmək istəməz ki...İndi şəhərimizdəki, parklar, xiyabanlar, küçələr və ümumiyyətlə hər bir yer zövqümüzü oxşayır.           

Sözsüz ki, park və xiyabanların, küçə və meydanların gözəlliyində xüsusi önəm daşıyan yaşıllıqların artırılmasında, qorunmasında, becərilməsində Naxçıvan Yaşıllaşdırma Xidməti kollektivinin üzərinə xüsusi vəzifə düşür. Xidmətin  işçiləri   845 hektara yaxın  yaşıllıq sahəsinə qulluq edir. Qeyd edək ki, ilin bütün fəsillərində yaşıl libaslı zəhmətkeş bağbanları şəhərimizin park, meydan və xiyabanlarında görmək olar. Onlar mövsümə uyğun işlər aparır, fidanların əkilməsindən, ərsəyə çatdırılması, hər il aqrotexniki qulluq  tədbirləri vaxtında həyata keçirirlər. Bu yaz günlərində  onların işi daha da artır.

Bu il  yaz fəslində Naxçıvan Yaşıllaşdırma Xidməti kollektivi tərəfindən müxtəlif ərazilərə  1940 ədəd meyvə tingi, 1200 ədəd gül kolu əkilib. Bu güllərin 350 ədədi rəngarəngliyi ilə zövqoxşayan fəsillik güllərdür.  Qalanı qar gülü və həmişəbahardır.  

Yaşıllaşdırma tədbirlərinin aparılmasında xidmətin tingçilik sahəsinin də mühüm rolu var. Hər il burada əkin üçün minlərlə meyvə və meşə tingləri yetişdirilir. Tingçilik sahəsinin ərazisi 4,5 hektardır. Burada əsasən, mövsümi və çoxillik gül şitilləri, eləcə də həmişəyaşıl ağac tingləri torpaqda, həmçinin dibçəklərdə yetişdirilir.    

Tingçilik sahəsinidə  yaz əkinləri üçün 50 min ərik, 10 min badam, 1000 tut, 70 min həmişəyaşıl ting, 30 min gül kolu yetişdirilib. Burada dibçəklərdə yetişdirilən  gül şitilləri təkcə Naxçıvan şəhərinin deyil, rayonların da park və xiyabanlarının gözəlləşdirilməsində  istifadə olunur.

Ümumiyyətlə, yaşıllıqlar hər zaman qulluq tələb edir. Yol kənarlarındakı yaşıllıqların, gülkarlıqların, dekorativ ağacların həmişə şux qamətli dayanması, ətrafının səliqəsi-sahmanı da  məhz  hər gün, bağbanların park və xiyabanlarımızda  ağaclara qulluq etmələrinin  bəhrəsidir.  Bütün bunlar isə  şəhərimizin ecazkarlığına xidmət, gələcəyimizə qayğıdır.

                                                       

                                                                 Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: