Yaşıllıq gözəllikdir. Bu gözəlliyi daha da gözəl edən, təbii ki, çiçəklərdir. Son illər muxtar respublikamızda aparılan abadlıq və quruculuq işləri bu gözəllikləri daha da artırır. Yeni salınan bağlar, yol kənarlarında əkilən yaşıllıqlar, bəzək kolları, ətirli və təravətli güllər təbiətin gözəlliyinə yeni bir harmoniya qatır. Hər bir ağac, hər bir yaşıllıq yurdumuzun bəzəyi olmaqla qəbul etdiyimiz havanı təmizləyir, bizim sağlam yaşamağımıza töhfə verir. Elə güllər var ki, onlardan tək bəzək kolu kimi yox, həm də gündəlik məişətimizdə istifadə olunur. Həyətlərimizə bəzək, ruhumuza sağlamlıq bəxş edən qızılgüldən gündəlik məişətimizdə də geniş istifadə olunur.
Culfa rayonunun ailə təsərrüfatlarında qızılgüldən də geniş istifadə edilərək müxtəlif ədviyyatlar, şirniyyatlar, mürəbbə və kompotlar hazırlanır. Həmçinin xalq təbabətində də qızılgüldən geniş istifadə olunur.
Qızılgül əsasən may və iyun aylarında çiçək açır. O qədər çiçəyi olur ki, elə bil kolun başına qırmızı ləçək sərilib. Qızılgülün çiçəkləri üç-dörd, bəzən də bir həftə açılı qalır. Pardaxlanmış güllər tökülür, yeni qönçələr açılır.
Təzə açılan qızılgülləri adətən tezdən sübhçağı yığmaq lazımdır. Qızılgül ləçəkləri təmizlənir, gülün ucları vurulur. Qızılgülün ortasında olan bığcıqlar götürülüb qurudulur. Balaca uşaqlarda olan ağız yaralarına qızılgül bığcıqları ilə balın qarışığı yaxşı təsir göstərir. Təmizlənmiş gül yuyulub tərəzidə çəkilir. 100 qram gülə 1 kiloqram şəkər tozu vurmaqla mürəbbə bişirilir. Mürəbbənin təbii gül rəngini saxlaması üçün qızılgülün ləçəkləri ayrı qaynadılıb süzülür. Süzülən suda şirə qaynadılır. Qaynadılan şirə gül ləçəklərinin üzərinə əlavə olunur. Bişənə qədər qaynadılır. Şirə qatılaşanda azca limon şirəsi əlavə olunur. Bəzən gül mürəbbəsinə qoz ləpəsi də qatırlar.
Qızılgüldən gülqənd də hazırlanır. Gülqənd hazırlamaq üçün gülün ləçəkləri yuyulub təmizlənir. Suyu süzülmək üçün süzgəclərə qoyulur. Ağzı örtülü şüşə qablara yığılır. Gülün arasına şəkər tozu əlavə olunur. Günün altına qoyulur. Gül ləçəkləri şirəni özünə çəkdikcə gül aşağı yatır. Sonra balaca bankalara yığılıb ağzı bağlanır. Gülqənddən soyuqdəymə zamanı istifadə olunur.
Gül ləçəklərindən kompot da hazırlanır. Gül ləçəkləri yuyulur, xırda-xırda doğranılır. Şüşə bankalara azca gül tökülür. Hər banka üçün 200 qram şəkər tozu götürülür. Bankalarda qaynadılıb ağzı bağlanılır.
Güldən şərbət də hazırlanır. Bayramlarda gül şərbəti süfrəyə yaraşıq verir. Gül ləçəkləri qaynadılıb süzülür. Şirə hazırlanır, azca limon suyu əlavə olunur. Süzülən gül suyuna şirə qatılır. Qaynadılıb soyuyandan sonra sərin içki kimi istifadə olunur.
Qızılgülün “kudu” adlanan aşağı hissəsi qurudulur. Qurudulan gül kudularını döyüb balla qarışdırır, qarın ağrısında istifadə edirlər. Qurudulmuş gül ləçəklərindən çay dəmləyəndə də istifadə olunur. Qızılgül çayı yorğunluğu aradan qaldırır. Təzyiqi aşağı olanlara qızılgül mürəbbəsi, qızılgül çayı yaxşı təsir edir.
Qızılgüldən hazırlanan gülabdan yas məclislərində istifadə olunur. Çünki bu mayenin ətrinin əsəblərə sakitləşdirici və ürəyə qüvvətverici təsirə malikdir. Gülab qızılgül qaynadılan vaxt onun buxarından hazırlanır. Qızılgül qaynadılan qazanın içərisinə balaca qab qoyulur. Ağzı örtülür. Gül qaynadıqca qapaqdan axan buxar damcıları qaba tökülür. Qaba tökülən gül suyundan gülab hazırlanır. Gül suyu damcıları qatılaşana qədər qaynadılır. Süzülüb təmiz halda saxlanılır. Gül yağından ətriyyat hazırlanmasında istifadə olunur.
Culfa rayonunda son illər xeyli qızılgül kolları əkilib. Gözəl ətrə malik olan bu güllərə hər zaman ehtiyac duyulur. Ona görə də yeni-yeni qızılgül kolları əkməklə həm təbiətimizin gözəlliyini artırırıq, həm də süfrələrimizin çeşidlərini zənginləşdiririk. Hər birimiz bu xeyirli bəzək kollarının sayının artırılması qayğısına qalmalıyıq.
Tərlan Məhəmmədqızı
“Arazın səsi” qəzeti