Vətənə sipər olan ömür və yaxud müdafiənin müharibədəki əhəmiyyəti - FOTOLAR

A- A A+

Güclü ordu güclü dövlət deməkdir. Ordu nə qədər güclüdürsə, dövlət də bir o qədər yenilməzdir. Əlbətdə ki ordunun gücünü sübət edən müxtəlif faktlar və tələblər mövcutdur. İlk növbədə o ordu güclü və yenilməz hesab edilir ki, istənilən döyüş, əməliyyat uğurla nəticələnsin. Həmçinin ordunun silah arsenalının ən müasir standartlara cavab verməsi, yüksək keyfiyyətlə təmin olunması bu gücü daha da artırır. Azərbaycan ordusunun fərqli tarixlərdə, istənilən mövqeydə qazandığı zəfərlər və hazırladığı döyüş planları onu dünyanın ən güclü orduları sırasında yer almasına zəmin yaratdı.

Ordunun gücü isə birbaşa vətən sevdası ilə irəli addımlayan, düşmənin kabusuna çevrilən el oğullarının gücüdür. O oğullar ki, bir qarış torpaq üçün canını sipər etdi, 44 gün ərzində zəfər qazandı. Adı tarixə yazılan, şəhadəti ilə əbədilik qazanan igidlərdən biridir Amin Gülməmmədov. Onun Naxçıvanda kurnast olaraq başlayan xidmət yolu Qarabağın tacı olan Şuşada bitir.

  Gülməmmədov Amin Mayis oğlu 31 iyul 1995-ci ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. 2010-2013-cü illərdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə, 2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində (hazırki Heydər Əliyev adına Hərbi İstitut) təhsil alıb.

2017- ci ildən Azərbaycan Ordusu sıralarında nümunəvi zabit kimi xidmət etməyə başlayıb.

Amin Gülməmmədov 27 sentybar 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Xocavənd döyüşlərində iştirak edib. 2 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Vətən oğlu ölümündən sonra “Cəsur döyüşçü” ,“Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 Amin Gülməmmədovun ilk xidmət yeri Füzuli olub. Zabitin xidmət apardığı post düşmən mövqeylərinə ən yaxın məsafədə yerləşən postlardan biri idi. Burada xidmət etmək qürurlu olduğu qədər də çətin və məsuliyyətli sayılırdı. O illərdə Füzulinin işğalda olması, hakim yüksəkliklərin düşmən nəzarətində qalması həmin ərazilərin daha peşəkarlıqla qorunması zərurəti yaradırdı. Amin və onun kimi cəsurlar isə bu öhdəliyi layiqincə yerinə yetirirdi.

Azərbaycan xalqı 30 il səbrlə , inamla Qarabağda üçrəngli bayrağın dalğalanacağı tarixi gözlədi. Xalq bilirdi ki bu ordu mütləq zəfər çalacaq.

Məğrur ordunun səbrinin bitdiyi gün məhz 27 sentybar tarixidir. Mənfur düşmən yenə də hücum etməyə cəhd etdi, lakin bunun səbrin sonu olduğunu anlamadı. Çox qısa müddətdə Azərbaycan ordusu müxtəlif istiqamətlər əks hücum əməliyyatına başladı. Məqsəd tək idi: tarixi ədaləti bərpa edib, Qarabağın Azərbaycana məxsusluğunu əbədi olaraq bildirmək.

Amin Gülməmmədov bu döyüşlərə elə müharibənin ilk günündən etibarən qatıldı. Füzuli ərazisindən başlayan əks hücum əməliyyatında baş leytenant və heyəti də öz yerini aldı. Baş leytenantın ilk döyüş tapşırığı Füzuli rayon ərazisində müdafiəni saxlamaq oldu.

 Döyüşün özünə xas prinsipləri və qanunları var. Əgər qısa müddətdə qələbə qazanmaq, irəli addımlamaq istəyirsənsə ilk növbədə müdafiə xətti tam və dayanıqlı olmalıdır. Müdafiə peşəkar səviyyədə qurulmasa, atəş dəstəyi olmasa nə xüsusi təyinatlı heyət, nə də quru qoşunları irəli addımlaya bilməz. Qarabağ işğalda olan 30 il ərzində düşmən Ohanyan səddi adını verdiyi səngərlər hazırlamışdı və bu səngərdən keçməyi də mümkünsüz hesab edirdi. Xüsusəndə yaradılan eşelonlaşdırılan müdafiə xətlərinin mürəkkəb coğrafi şəraitdə yerləşməsi isə ermənilərin müqavimət gücünü daha da artırırdı. Həmçinin təmas xətti boyunca və işğal olunan ərazilərin dərinliklərindəki bütün hakim yüksəkliklər erməni hərbi qüvvələrinin əlində idi. Bu faktlara arxayın olan düşmən Azərbaycan ordusunun zəfər qazana biləcəyinə heç bir ehtimal vermirdi. Lakin Azərbaycan ordusu elə müharibənin ilk dəqiqələrindən etibarən qorxusuzca ohanyan səddinə hücum etdi və çox qısa müddətdə səd yarıldı. Bu səddin yarılmasından sonra azad edilən ilk postlardan birinin müdafiəsi isə Amin Gülməmmədovun olduğu heyətə həvalə edildi.

Qarabağ torpaqları qarış-qarış azad edilir, hər istiqamətdə düşmən susdurulurdu. Vətən müharibəsində Azərbaycan ordusu hərb tarixində yer alacaq böyük bir taktikadan-hilal və yaxud aypara taktikasından istifadə etdi. Hilal taktikasını tətbiq etmək olduqca çətin və qəlizdir. Plana əsasən düşməni ən qısa vaxtda çevrələməli və hücum etməlisən. bu taktika düşmənin diqqətini başqa əraziyə yönləndirməklə aparıla bilər. Bu zaman isə düşmənin hücum etdiyi, birbaşa döyüşdüyü heyətə böyük məsuliyyət düşür. Amin Gülməmmədovun olduğu bölmənin tapşırığı isə məhz bu idi. 2 oktybar tarixində bölmə Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı istiqamətində döyüş əməliyyatlarını icra etməyə davam etdilər.

2 oktybar tarixindən 28 oktybar tarixinədək baş leytenantın heyəti Füzuli rayonunun müxtəlif istiqamətlərində döyüş əməliyyatlarını uğurla icra etdi. Onların qurduğu müdafiə nəticəsində Cəbrayıl, Zəngilan və Şuşa istiqamətlərində ordunun digər qrupları tapşırıqları yerinə yetirdilər. 28 oktyabr tarixində isə Amin Gülməmmədov yeni tapşırıq aldı.

Təminat döyüşün gedişinə təsir edən əsas amillərdən biridir. Məhz bu səbəbdəndir ki Azərbaycan ordusu müharibə zamanı hansı ərazidə olmasından asılı olmayaraq bütün heyəti təminatla tam təmin etdi. Lakin ermənilər də Qarabağ ərazindən keçən müxtəlif yollarla təminatı əldə edə bilirdilər. Ağdərə , Laçın, Böyük Tağlar isə bu təminatın gəldiyi ərazilərdən bir neçəsidir. Böyük Tağlar kəndə əsas yolun tutulması, müdafiəsi tapşırığı isə Amin Gülməmmədovun bölməsivə verildi.

Vətənə xidməti seçən hər döyüşçü bu yolun sonunda şəhadətin də dayandığını bilir. Məhz buna görə onlara ölümün gözünə dik baxanlar deyirlər. Amin Gülməmmədov ailəsi ilə son danışığında şəhid olacağını, sevdalısı olduğu vətənin də onlara əmanət qalacağını söyləmişdu.

Noyabrın 2 də Amin və onunla birlikdə 5 nəfər vətən oğlu tibbi yardım maşınının minaya düşməsi nəticəsində şəhadətə ucalır.

28 dekabr tarixində Amin Gülməmmədovun nəşi Naxçıvana Muxtar Respublikasına, onun doğulub böyüdüyü Saltaq kəndinə gətirildi. Naxçıvanlılar böyük sevgi, qürurla qarşıladı şəhidini. Şəhidin atası Mayis Gülməmmədov isə oğlunun nəşinin gətirilməsinə qurban demişdi.

Amin həm özünə, həm ailəsinə, ona hərb sahəsini sevdirən hərbi müəlliminə, həm də vətənə olan sözünü tutdu. Vətəni qorumaq üçün and içdi və qorudu. Amin təkcə vətəni qorumadı, o həm də qəhrəmana çevrildi, gələcək nəsillərin adını iftixarla çəkəcəyi cəsur döyüşçü oldu... Amin elə dönüb vətən oldu...

Məsumə Şirəliyeva

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: