Kiçik yaşlı uşaqların qidalanma ilə bağlı yaşadığı problemlər, hər yeməyi yemək istəməsi valideynləri mütamadi olaraq narahat edən məsələlərdən biridir.
NUHÇIXAN xəbər verir ki, bu çətinliyin aradan qaldırılması üçün çalışanların sayı az olmasa da, birdəfəlik həllini tapmaq asan olmur, amma təbii ki, bu problemdən də çıxış yolu var. Məsələn, uşağınızı müxtəlif dadlara alışdırmaqla bu problemi yoluna qoya bilərsiniz. Uşağınızı müxtəlif dadlara nə qədər tez alışdırsanız, onun "yemək seçmək" xəstəliyindən də o qədər uzaq olmasına kömək etmiş olarsınız. Bunun üçün isə...
1) Həm səbirli, həm də qətiyyətli olmağa çalışın. Yemək üçün ən azı 20-30 dəqiqə vaxt ayırın.
2) Uşağınızın yeməkdən əvvəl həddindən artıq maye qəbul etməsinə imkan verməyin.
3) Hələ tanış olmadığı yeməkləri tanış olduğu yeməklərlə birlikdə verin. Daha sonra tanış olmadığı yeməkləri tədricən artırın.
4) İstər hər hansı bir yeməyə icazə verdikdə, istərsə də hər hansı bir yeməyə qadağa qoyduqda uşağınıza qarşı sərt davranmayın.
5) Əgər uşağınız şokolad istəyirsə, bir qədər yeməyə icazə verin. Unutmayın ki, qəti qadağa qoysanız, onun şokolada qarşı meyli daha da artar.
6) Uşağınız yemək istəmirsə, görməməzliyə vurun və onu yeməyə məcbur etməyin.
7) Uşağınıza qarşı həddindən artıq tələbkar olmayın. Onda uşağınız qadağan etdiyiniz yeməklərə daha çox maraq göstərər, icazə verdiyiniz yeməklərdən isə imtina edər.
8) "Ayaqüstü" yeməklər də uşağınızın iştahasını küsdürə bilər. Ona görə də, uşağınız mümkün qədər belə yeməklərdən uzaq olsa yaxşıdır.
9) Əgər uşaq ailə üzvləri ilə birlikdə yemək masası arxasında otursa, ailə üzvlərinin hansı yeməkləri bəyəndiyini görər. Əksər hallarda iştahasız uşaqlar da bu şəraitdə yeməkdən imtina etmirlər.
10) Əgər uşağınız yaxşı yemirsə, evdə onun görə biləcəyi yerlərə müxtəlif yeməklər qoyun. Məsələn, bir qab üzüm, bir qab pendir, bir qab kök və s. kimi...