İndoneziya Respublikasının Azərbaycandakı səfiri muxtar respublikada səfərdədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hüsnan Bəy Fananini muxtar respublikaya səfərə gəlib. Qonaq səfər çərçivəsində istehsal, təhsil, mədəniyyət müəssisələri ilə tanış olub.
Naxçıvan Dövlət Universitetində olan səfir Hüsnan Bəy Fananiniyə universitetin rektoru Saleh Məhərrəmov mövcud fakültələr və yeni yaradılan ixtisaslar haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya kimi Avropa ölkələrində davam etdirirlər. Eyni zamanda Naxçıvan Dövlət Universitetində hazırda 500-ə yaxın xarici ölkə vətəndaşı təhsil alır.
Universitetlə tanışlıqdan sonra səfir beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün İndoneziya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, İndoneziyanın tarixi, mədəniyyəti barədə məlumat verib.
Sonra “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətində olan qonağa müəssisənin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, hazırda fabrikdə “Want”, “Fine”, “Visore” və “Keno” markalı filtrli siqaretlər istehsal olunur.
Hüsnan Bəy Fananini Naxçıvan Avtomobil Zavodunda avtomobillərin istehsal prosesi ilə tanış olub, həmçinin “Gəmiqaya” Mineral Sular Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” Mineral Sular Zavodunda da olub. Burada qonağa istehsal prosesi haqqında ətraflı məlumat verilib.
Röyal Kərimov