AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırıb

A- A A+

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) epizootik sabitliyin qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ölkə üzrə baytarlıq nəzarətinin əsasını təşkil edir.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, heyvanların identifikasiyası və qeydiyyatı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən həyata keçirilir. Hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və həmin nömrə vasitəsilə heyvanın həyat dövrü ərzində aparılmış peyvəndləmələr, müalicələr, profilaktik tədbirlər və digər baytarlıq prosedurları vahid məlumat bazasında qeydə alınır.

HİQS sistemi heyvanın yoluxduğu xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınağı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas funksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.

“Fermadan süfrəyə” prinsipi çərçivəsində identifikasiya heyvanın doğulduğu təsərrüfatdan başlayaraq kəsim məntəqəsinə və son istehlak mərhələsinədək məhsulun mənşəyinin izlənməsini təmin edir. Bu, istehlakçıların təhlükəsiz və mənşəyi məlum olan məhsullarla təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AQTA heyvan sahiblərini və fermerləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsərrüfatlarında olan heyvanları vaxtında identifikasiya və qeydiyyatdan keçirməyə çağırıb. Qeyd edilib ki, bu, heyvan sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: