Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində fevral ayında xidmət səviyyəsi 91 faizi keçib

A- A A+

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, fevral ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 17 min 319 müraciətdən 17 min 67-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 91,62 faiz təşkil edib, habelə vətəndaş müraciətləri ilə bağlı orta xidmət müddəti 2 dəqiqə təşkil edib.

Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri ilə ay ərzində 252 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 457 vətəndaşın suallarının cavablandırılması təmin edilib.

Xidmət keyfiyyətinin dəyərləndirilməsi məqsədilə zəng bitdikdən sonra Çağrı Mərkəzi tərəfindən vətəndaşlara SMS göndərilir. Vətəndaşlar həmin SMS-dəki linkə daxil olub, qısa sualları cavablandıraraq və əlavə şərh yazaraq göstərilən xidməti qiymətləndirə bilərlər.

“Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir”, - deyə məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: