Təsəvvür edin ki, bir məhəllədə, gecə yarısı, evin mətbəxində valideynin səsi ucalır: “Sən hüquqşünas olacaqsan, oğlum! Bizim nəslimizdə hakimlik ənənəsi var, prestijli peşədir, böyük gəlir gətirəcək!” Həmin şagird isə pəncərədən baxır, gözlərində təbiətin rəng çalarları, rəsmlər, rənglər, yaradıcı ideyalar parıldayır. Nəticədə isə bir nüans ortaya çıxır – valideyn təkidi ilə seçilən ixtisas... Bu sadəcə, bir ailə söhbəti deyil, Azərbaycanda minlərlə gəncin taleyini həll edən real dramdır. Bəs kim qərar verməlidir: valideyn, yoxsa şagird? Bu sual, sadəcə, fərdi seçim deyil, gələcək xoşbəxtliyin, uğurun və hətta cəmiyyətin inkişafının açarıdır.
Araşdırmalar və real həyat hekayələri göstərir ki, bu mövzu heç də sadə deyil. “Kaspi” qəzetinin araşdırmasında ADA Universitetinin professoru Gülməmməd Məmmədov belə deyir: “Valideyn var ki, yalnız orta təhsili var və xüsusi bir sahə ilə bağlı heç bir məlumatı yoxdur. Sadəcə olaraq, cəmiyyət içərisində uğur qazanmış həkim, polis, hüquqşünas və ya müəllim nümunəsini göstərərək övladına təsir etməyə çalışa bilər. Uşağın valideynin təkidi ilə seçdiyi ixtisas ürəyincə olmadığı üçün ona zəhmət və enerji qoyma motivasiyası olmayacaq. Bu da gələcəkdə uşağın uğursuz olmasına gətirib çıxaran ənənəvi faktorlardan birinə çevriləcək”.
Həyatın ən səssiz, amma ən dərin səslərindən biri də məhz elə budur. “Mən nə olmaq istəyirəm?” Bu sual gəncliyin qapısında dayanaraq hər kəsin qarşısında durur. Amma çox vaxt cavab uşağın öz dilindən deyil, valideynin ağzından çıxır. “Həkim ol, mühəndis ol, hüquqşünas ol”. Bu kimi sözlər sevgi ilə deyilsə də, çox vaxt qorxu ilə, təcrübə ilə, “mən bilərəm” hissi ilə doludur. Valideynlər düşünür ki, övladlarının gələcəyini qorumaq üçün sükanı əllərində saxlamalıdırlar. Uşaq isə susur, çünki o susmağı öyrənib. Bəzən isə valideynlər öz ailələrinin özlərinə yaşatdıqları həyatdan gileylənib, istəmədən də olsa, övladlarına eyni taleyi yaşadırlar. Hətta bəzən hansı şəhərdə, ölkədə oxumalıdırlarsa, onu belə özləri seçirlər. Bu sadəcə, bir seçim deyil, bu, taleyin ilk böyük sınağıdır. Seçdiyin ixtisas sənin səhər tezdən oyananda ürəyindəki həyəcanı, axşam yorğunluqdan sonra da gülümsəməni müəyyən edir. Əgər o yol sənin içindəki atəşlə yox, başqasının xəritəsi ilə çəkilibsə, sən getdikcə özündən uzaqlaşırsan. Kitabları açanda boğulursan, dərslərə gedəndə özünü qəfəsdə hiss edirsən, gələcəyə baxanda qaranlıq görürsən. Çünki həyatın ritmi sənin ürəyinin döyüntüsü ilə uyğun gəlmir. Valideynlər keçmişin yaralarını, itirilmiş fürsətləri övladlarına ötürmək istəmirlər. Amma unudurlar ki, hər nəsil fərqli, hər zaman isə eyni deyil.
Zaman dəyişir, arzular dəyişir, dünya dəyişir. Valideynin gəncliyində “uğurlu” olan peşə indi, bəlkə də, darıxdırıcı, bəlkə də, artıq aktual deyil. Uşaq isə öz dövrünün ritmində yaşayır. O, rəngləri, kodları, musiqini, kainatı, ekoloji hərəkatı görür. Onun arzusu valideynin xəyalından daha böyük, daha parlaq, daha qəribə ola bilər. Əslində, bu, qarşıdurma deyil, bir körpüdür. Valideyn xəritə tuta bilər, amma sükanı buraxmalıdır.
Bəzən valideynlər öz yarımçıq arzularını övladlarına yükləyirlər. Özlərinin gənclik dövründə valideyn təkidi ilə seçə bilmədikləri ixtisasları övladlarına seçdirirlər. Bu sevgi kimi səslənir, amma əslində, yükdür. Uşaq valideynin davamı kimi deyil, onun yeni başlanğıcı kimi görünməlidir. Hər ulduz öz orbitində fırlanmalıdır. Ən gözəl yol odur ki, valideyn desin: “Mən sənin yanındayam. İstədiyin hər yolda səni dəstəkləyəcəm. Yıxılsan da, qalxmağa kömək edəcəm”. Bu sözlər qanad verir. Uşaq öz marağını, öz həvəsini kəşf edir. Öz səsini eşidir. Və o səs onu doğru yola aparır.
Çünki həyat sənin arzularınla gedilən yoldur. Başqasının arzusu ilə gedilən yol isə, sadəcə, yol deyil, uzun, yorucu, peşmanlıqla dolu bir səyahətdir. Son söz həmişə sənə aid olmalıdır. Çünki səhər tezdən oyanıb “Bu gün yenə gedirəm” deyəndə, həvəssiz şəkildə yollarda ayaq döyən sən olacaqsan, o döyüntüdə tək addımlayan sən olacaqsan, başqası deyil...
Rafiq TƏHMƏZ
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi,
"Şərq qapısı" qəzetinin müxbiri
