Mən bu torpağın döyünən ürəyi, Ordubadın daşlaşmış sükutuyam

A- A A+

Mənə baxın... Amma bu dəfə gözlərinizlə yox, ruhunuzla baxın. Mən bir ağacdan daha çoxuyam. Mən Ordubadın sümükləşmiş yaddaşı, yerlə göy arasında qurulmuş canlı  körpüyəm. Köküm bu torpağın ən dərin qatlarından, ulu babalarınızın dualarına qədər uzanır. 

Nə qədərdir yaşım? Artıq saymağı tərgitmişəm. Mənim üçün zaman sizin bildiyiniz saatlarla, təqvimlərlə ölçülmür. Mən zamanı fəsillərin rəngi ilə, yanımdakı çayxanadan gələn armudu stəkanların cingiltisi ilə, bir də yanımda böyüyüb, qocalıb, dünyadan köçən insanların nəfəsi ilə ölçürəm. 

Yanımdakı o qədim çayxanadan yüksələn səs-küyü eşidirsiniz? O səs-küy Ordubadın nəbzidir. Mənim yanımda gur çaylar axmır, amma mən köklərimlə yerin yeddi qat dərinliyindəki o buz kimi kəhrizlərin sükutunu dinləyirəm. O kəhrizlər mənim gizli damarlarımdır, torpağın altı ilə mənə min illik sirləri danışır onlar.

Siz o çayxanada armudu stəkanların cingiltisi ilə dərdləşəndə, mən yuxarıdan samovarın o həzin pıçıltısını dinləyirəm. O samovarın buğu mənim yarpaqlarıma dəyəndə elə bil, şəhərin bütün yorğunluğu mənim gövdəmə hopur. Mən o samovarın buğunda insanların ümidini, o stəkanların səsində isə həyatın davam etdiyini görürəm. Mən o doğma səslərlə yuxuya gedirəm, hər səhər çayçı ocağa çatanda ilk stəkanın cingiltisi ilə oyanıram...

Bəzən gecələr şəhər sükuta qərq olanda daşlarla söhbət edirəm. Ordubadın hər küçəsinin, hər darvazasının dilini bilirəm mən. Elə bu çayxana da mənim qəlbimin döyündüyü yerdir. Neçə nəsil gəldi, keçdi burdan? Kimlər o skamyalarda oturub dərdini mənə tökmədi ki? Kimlər mənim kölgəmdə sevdiyini gözləmədi?

Mən çox şey görmüşəm. Nə müharibələr, aclıqlar görmüşəm. İnsanların bir parça çörək üçün necə çırpındığını, şəhərin üzərinə çökmüş kədəri hiss etmişəm dəfələrlə. Amma mən həm də sevinci görmüşəm. Novruzun gəlişini, tonqalların alovunu, uşaqların şən qışqırıqlarını ilk mən qarşılamışam.

Mənim gövdəmdəki hər bir qırış bir xatirədir. Bir gəncin sevgilisinin adını qabığıma qazıdığı o anı da hələ unutmamışam, canım yansa da, susmuşdum. Çünki o, ölümsüzlük axtarırdı. İndi o gənc yoxdur, amma mən buradayam, o sevginin sirrini qabığımın altında saxlayıram.

Bəzən mənə elə gəlir ki, mən bu şəhərin ən tənha sakiniyəm. Çünki hər kəs gedir, mən qalıram. Külək vurduqca budaqlarım sızıldayır. Bu sızıltı nə qocalıqdandır, nə də həsrətdən. Mən bu torpağa o qədər bağlıyam ki, yerimdən tərpənə bilmirəm. Amma mən sizin pıçıltılarınızı, arzularınızı eşidirəm.

Ey yanımdan ötüb keçən yolçu! Bir anlıq dayan, mənim kölgəmdə dincəl. Hara qaçırsan? Ömür bir yarpağın budaqdan yerə düşməsi qədər qısadır. Mən əsrlərdir, buradayam və öyrəndiyim tək bir şey var: kökünə bağlı  olmayanın gələcəyi yoxdur.

Məni qoruyun... Mən sizin keçmişinizəm. Mən qurusam, bu şəhərin ruhu yetim qalar. Mən bir ağacdan daha çoxuyam, diri bir tarixəm.

Qış gələndə, o sazaqlı küləklər budaqlarımı döyəndə mən üşümürəm qətiyyən. Bilirəm ki, bu, bir sınaqdır. Bilirəm ki, o qarın altında bahar yatıb, bir neçə aydan sonra yenidən o yaşıl, o möhtəşəm libasımı geyinəcəyəm. Ölüm mənim üçün yoxdur, ey insanlar. Mənim üçün, sadəcə, yenilənmək, saflaşmaq var.

Nə qədər ki bu uca dağlar var, nə qədər ki, o çayxanada ocaq yanır, nə qədər ki torpağın altındakı o qədim kəhrizlərin nəfəsi kəsilməyib, mən də olacağam. Sizin uşaqlarınızın, nəvələrinizin də kölgəsində dincələcəyi o köhnə dost kimi burada duracağam.

Gedin. Dünyanın işlərinə qarışın, yaşayın, sevin, yaradın. Amma unutmayın. Mən burada, həmişəki yerimdə, o çayxananın yanında sizi gözləyəcəyəm. Nə zaman yorulsanız, nə zaman dünya sizi sıxsa, gəlin yanıma. Külək əsəndə yarpaqlarımın xışıltısına qulaq asın.  O səsdə mən sizə babalarınızın salamını çatdırıram. O səsdə mən sizə sevgini, dözümü, ən əsası isə sadiqliyi pıçıldayıram.

Torpağınıza, kökünüzə və özünüzə sadiq olmağı...

Mən bu torpağın döyünən ürəyi, Ordubadın daşlaşmış sükutuyam. Mən tarixin tozlu səhifəsi yox, bu torpağın hər zərrəsinə hopmuş nəfəsiyəm.    

Elnurə CƏFƏROVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: