1849-cu ildə Biləcəridə kasıb ailədə doğulan Ağa Musa zəhmət və bacarığı sayəsində böyük sərvət qazanmışdır. Bibiheybətdə aldığı torpaq sahəsində qazdırdığı quyudan neft fontanı vurması onun taleyini dəyişdi. Qısa müddətdə Balaxanı, Sabunçu, Ramana və Əmircan kimi neftlə zəngin ərazilərdə mədənlər aldı, zavodlar tikdirdi, tankerçilik və balıq sənayesinə sərmayə yatırdı. 1907-ci ildə əsas kapitalı 10 milyon rubl olan “Musa Nağıyev” səhmdar cəmiyyəti yaradıldı. 1908-ci ildə onun müəssisələri 12 milyondan çox pud neft hasil etmişdi.
Ağa Musa Nağıyev qazandığı sərvətin böyük hissəsini xeyriyyə və maarif işlərinə sərf etmişdir. O, oğlu İsmayılın xatirəsinə Bakının mərkəzində möhtəşəm **İsmailiyyə binası**nı tikdirmişdir. Bu bina sonralar şəhərin ictimai-mədəni həyatının əsas mərkəzlərindən birinə çevrilmişdir. Hazırda burada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.
Nağıyev həmçinin Realnı məktəbinin (indiki İqtisad Universitetinin binası) tikintisini başa çatdırmış, məktəblərə, kitabxanalara, xəstəxanalara və xeyriyyə cəmiyyətlərinə böyük ianələr etmişdir. O, “Nəşri-Maarif”, “Nicat”, “Səadət” kimi cəmiyyətlərin fəaliyyətini maliyyələşdirmiş, müsəlman qızlarının təhsilinə xüsusi diqqət yetirmişdir.
Çar II Nikolay tərəfindən “Neft kralı” adlandırılan Ağa Musa Nağıyev III dərəcəli “Müqəddəs Stanislav” ordeni və digər mükafatlarla təltif olunmuşdur. O, həmçinin Osmanlı sultanı V Mehmet Rəşad tərəfindən “Məcidi” və “Osmani” nişanları ilə mükafatlandırılmışdır.
1919-cu ildə vəfat edən Ağa Musa Nağıyev Azərbaycan tarixində həm böyük sənayeçi, həm də millətinə xidmət edən xeyriyyəçi kimi dərin iz qoymuşdur.
Onun vəfatı ilə bağlı olaraq Azərbaycan qəzetinin 5 mart 1919-cu il tarixli sayının birinci səhifəsində verdiyi başsağlığında bu sözlər yazılmışdı: “Ağa Musa Nağıyev - ən orjinal şəxsiyyətlərdən biri, təbiətən intəhasız enerjili, mükəmməl formalaşmış bir insan həyatdan getmişdir. İri kapital sahibi olan Ağa Musa xalqının bütün tələblərinə rəğbətlə yanaşıb. Elə bir əhəmiyyətli ictimai məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın... Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsini əbədi yaşatmağa qadirdir”.
Onun fəaliyyəti XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın iqtisadi yüksəlişinin və milli burjuaziyasının formalaşmasının parlaq nümunəsidir.
Nurtac İsmayılova
