Rəqəmsal evliliyin bir addımlığında

A- A A+

Dövr dəyişir. Hər kəs günün nəbzini tutmağa çalışır. Oturub çay içərkən, uzanıb istirahət edərkən işıqpulu, qazpulu ödəyə bilirik. Hələ bu harasıdır ki, geyinmək istədiyimiz paltarın rəngini, ölçüsünü, formasını seçib ala bilirik. Bu baxımdan satıcılar da çox əziyyət çəkmir. On dəfə geyinib-soyunan müştərilərlə üz-göz olmurlar. Alan razı, satan razı. Bir-birini görmədən rahat alış-veriş edir, bir-birini yormurlar.

Əslində məqsədim diqqəti başqa yerə çəkməkdi. Demək olar ki, insan artıq rahatlıqla bütün kommunal və digər gündəlik tələbatlarını elektron şəkildə ödəyə bilir. Maraqlı bir sual çıxır bu zaman ortaya. Niyə insan həyat yoldaşını da elektron qaydada, dəqiq meyarlarla seçə bilmir?

Təsəvvür edin göz rəngi, boy, maraq dairəsi, bürcü və təhsilini və sair seçirsən, kriteriyaları təsdiqləyirsən və uyğun gələn şəxsə avtomatik mesaj göndərilir. Sanki bir sifariş forması doldurursan və sistem sənə ən uyğun namizədi təqdim edir. Hər ay həm sənə, həm də seçdiyin insana güncəllənmə gəlir və performansı daha da yüksəlir. Çoxları indi xısın-xısın gülür. Amma əmin olun ki, bu seçim göz qırpımı qədər yaxınımızda. 

Əvvəllər tanışlıqlar ailə, qohum, qonşu vasitəsilə baş tuturdusa, sonra universitet tanışlıqları, iş yeri münasibətləri ön plana keçdi. İndi isə sosial şəbəkələr, tanışlıq platformaları gündəmi zəbt edib. Artıq insanlar bir-birini real həyatdan çox, profil şəkillərindən və bioqrafiya sətrlərindən tanıyır. Bir neçə foto, bir neçə status, bir neçə ortaq maraq və qərar verilir ki, uyğundur. Amma arada incə bir fərq var. İnsan özünü təqdim etdiyi kimidir, olduğu kimi yox. Çalışır ki, ilk mərhələdə ən yaxşı tərəfini göstərsin. Tünd xasiyyət, əsəb, eqo, səbir çatışmazlığı isə zamanla üzə çıxır. Məhz bu səbəbdən qurulan münasibətlər çox vaxt gözləntilərlə reallıq arasında sıxışıb qalır.

Texnologiyanın inkişaf istiqamətinə nəzər yetirdikdə görürük ki, süni intellekt artıq insan davranışlarını təhlil edir. Sosial şəbəkələr bizim nəyi bəyəndiyimizi, nəyi izlədiyimizi, hansı mövzulara reaksiya verdiyimizi bilir. Reklamlar qarşımıza təsadüfi çıxmır. Alqoritm bizi əməlli-başlı tanıyır. Yaxın gələcəkdə ehtimal ki, insanların səs tonu, emosional reaksiyaları, maraq dairəsi, həyat tərzi, analiz ediləcək. Təyin edilmiş bu analizin nəticəsinə əsasən məlumat bazasında uyğunluq faizi hesablanacaq. 

Təsəvvür edin ki, sistemə daxil olub qeyd edirsiniz ki, sakit xarakterli, ailəyə bağlı, ali təhsilli, incə ruhlu, müəyyən dəyərlərə sahib bir insan axtarıram. Sistem isə seçdiyiniz bu namizədlərin ən uyğununu milyonlarla insan arasından seçərək sizə təqdim edir. 

XXI əsr bizi hədsiz sürətli olmağa öyrətdi. Sözümüz çevriləndə inciyir, sifariş gecikəndə əsəbləşir, wifi olmayanda səbirsizləşir və narahat oluruq. Bu da istər-istəməz münasibətlərə təsir edir. Halbuki münasibət zaman tələb edir. 

Elektron seçim imkanları bəlkə də gələcəkdə daha uyğun insanları bir araya gətirəcək. Əmin olun ki, yaxın gələcəkdə sevginin də alqoritmi yazılacaq. Uyğunluq faizləri hesablanacaq. Sistem sizin üçün ən uyğun namizəd tapıldı mesajı göndərəcək.

İnkaredilməz haldır ki, elektron dünya hər kəsə rahatlıq zövqü verir. Buna baxmayaraq incə münasibətlər məsuliyyət tələb edir. Və nə qədər texnologiya inkişaf etsə də, sevginin əsas proqram təminatı yenə də ürək olacaq. Ürəyi olan hər kəsə eşq olsun!

Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: