Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Enerji təhlükəsizliyi və humanitar dəyərlərin vəhdəti
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası beynəlxalq enerji əməkdaşlığı baxımından mühüm əhəmiyyət kəsb edən tədbir kimi yadda qalmışdır. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerji siyasətinin əsas istiqamətlərini geniş və əhatəli şəkildə təqdim etmiş, enerji təhlükəsizliyi məsələlərinin humanitar aspektlərinə diqqət yetirmişdir.
Dövlət başçısı qeyd etmişdir ki, müasir dövrdə enerji təhlükəsizliyi anlayışı artıq yalnız iqtisadi kateqoriya deyil, eyni zamanda sosial rifah, siyasi sabitlik və regional təhlükəsizlik məsələsi kimi çıxış edir. Onun vurğuladığı kimi, birgə müzakirələr və qarşılıqlı anlaşma əsasında qəbul edilən qərarlar uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Son on iki ildə müxtəlif geosiyasi çətinliklərə baxmayaraq, Azərbaycan və tərəfdaş ölkələr enerji sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmiş, bunun nəticəsində bir sıra dövlətlərin enerji təminatında mühüm rol oynamışdır.
O bildirmişdir ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada aparıcı mövqedədir. Bu göstərici yalnız iqtisadi uğur deyil, həm də ölkəmizin etibarlı tərəfdaş imicinin bariz nümunəsidir. Dövlət başçısı diqqətə çatdırmışdır ki, qaz təchizatının coğrafiyasının genişləndirilməsi istiqamətində nəzərdə tutulan planlar artıq reallığa çevrilmişdir.
Xüsusilə Suriyaya qaz tədarükünün başlanması humanitar xarakter daşıyan mühüm addım kimi qiymətləndirilmişdir. 1,5 milyard kubmetr həcmində qaz tədarükü vasitəsilə həmin ölkədə mövcud olan elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına, sosial infrastrukturun bərpasına və iqtisadi fəallığın artmasına töhfə vermək məqsədi daşıyır. Bu addım bir daha göstərir ki, Azərbaycan enerji resurslarından yalnız iqtisadi mənfəət məqsədilə deyil, eyni zamanda humanitar dəstək aləti kimi də istifadə edir.
Çıxışda qaz təchizatının şaxələndirilməsi məsələsinə də xüsusi yer ayrılmışdır. Prezident çıxışında diqqətə çatdırılmışdır ki, şaxələndirmə həm istehlakçı, həm də istehsalçı ölkələr üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan bu siyasəti qarşılıqlı fayda və etimad prinsipləri əsasında həyata keçirir. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması nəticəsində Avropa İttifaqının artıq 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur ki, bu da ölkəmizin Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir.
Eyni zamanda, yeni yataqların istismarı ilə bağlı planlar da diqqətə çatdırılmışdır. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz” yatağının yeni inkişaf mərhələsi yaxın illərdə əlavə 10–15 milyard kubmetr qaz hasilatına imkan verəcəkdir. Lakin bu artımın reallaşdırılması üçün mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi və yeni interkonnektor layihələrinin həyata keçirilməsi zəruridir.
Dövlət başçısı yaşıl enerji gündəliyinə də toxunaraq bildirmişdir ki, Azərbaycan bərpaolunan enerji sahəsində də ardıcıl siyasət yürüdür. Regionda ən böyük külək elektrik stansiyasının istifadəyə verilməsi, Günəş elektrik stansiyalarının inşası və yeni layihələrin icrası ölkənin alternativ enerji potensialının genişləndirilməsinə xidmət edir. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 QVt (giqavat) həcmində elektrik enerjisi əldə olunması planlaşdırılır ki, bu da həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaqdır.
Prezident vurğulamışdır ki, iqlim dəyişiklikləri ilə mübarizə məsələsinə praqmatik və realist yanaşmaq lazımdır. Qazıntı yanacaq növlərini tamamilə kənara qoymaq mümkün deyildir. Eyni zamanda, Azərbaycan öz zəngin qaz ehtiyatlarına malik olmasına baxmayaraq, bərpaolunan enerji sahəsinə böyük həcmdə investisiyalar yatırmaqla balanslaşdırılmış enerji siyasəti həyata keçirir.
Çıxışda Azərbaycanın tranzit ölkə kimi rolu da qeyd olunmuşdur. Qazaxıstan və Türkmənistan neftinin nəqli, eləcə də Türkiyə və Serbiyada həyata keçirilən enerji layihələri ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə töhfəsini daha da artırır. İtaliya və Egey bölgəsində neftayırma müəssisələrinin əldə olunması isə Azərbaycanın Aralıq və Egey dənizi hövzəsində enerji mövqelərini gücləndirir.
Prezident İlham Əliyevin çıxışı bir daha təsdiq etmişdir ki, Azərbaycan Respublikasının enerji siyasəti iqtisadi maraqlarla yanaşı humanitar dəyərlərə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa əsaslanır. Ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir və qlobal miqyasda sabitliyə, inkişaf və rifaha öz töhfəsini verməkdə davam edir.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
