Son illər aqrar sektorda çalışan fermerlər və torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsində bu sahəyə olan maraq daha da artır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına dövlət tərəfindən hər hektar sahə üçün 50 manat vəsaitin, həmçinin səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi ötən il də təmin edilib. Bundan başqa, hər hektar əkin sahəsi üçün tələb olunan mineral gübrələrin 70 faizi də təsərrüfatlara verilib. Məhsul istehsalçılarına, ümumilikdə, 5338 tondan çox azot və fosfor gübrəsi paylanıb. Görülən işlərin nəticəsi olaraq 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb. Bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur. 2018-ci ildə 480 milyon 21 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.
Muxtar respublikada əhalinin ilboyu keyfiyyətli məhsullarla təminatı üçün ümumi tutumu 14 min 245 ton olan 33 iritutumlu soyuducu anbar tikilib istifadəyə verilib.
Ötən il dənli və dənli-paxlalı əkin sahəsində 104 min 413 ton məhsul yığılıb ki, bu da 2017-ci illə müqayisədə 4297 ton çoxdur. Muxtar respublikada 27 min tonluq uzunmüddətli və 43,4 min tonluq qısamüddətli taxıl ehtiyatı anbarları da tikilib istifadəyə verilib.
Onu da qeyd edək ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün muxtar respublikada 31 min 667 hektar sahədə taxıl əkini aparılıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 742 hektar çox deməkdir.
Muxtar respublikada kartofçuluğa da diqqət ayrılıb. Həyata keçirilən proqramlar nəticəsində 2018-ci ildə sahələrdən 49 min 574 ton məhsul yığılıb. Bu isə əvvəlki illə müqayisədə 592 ton çoxdur.
İqtisadi səmərəliliyinə görə əkilən bitkilər içərisində tərəvəzçiliyin xüsusi yeri vardır. Məhz bu səbəbdən torpaq mülkiyyətçiləri və sahibkarlar 2018-ci ildə 6183 hektar tərəvəz əkinlərindən 85 min 642 ton məhsul toplayıblar.
Artıq muxtar respublikada yaz-tarla işlərinə başlanılıb. Bu ilin yazında 27 min hektardan artıq sahədə əkin aparılacaq. Eyni zamanda 70 hektar sahədə yeni meyvə bağları, 6 hektar sahədə üzüm bağı, 106 hektar sahədə tinglə bərpa, 170 hektar sahədə isə toxumla bərpa olmaqla, ümumilikdə, 352 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunması istiqamətində də işlər uğurla aparılır. 2019-cu ilin ötən dövründə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Ötən həftə 55 sahibkara 75 adda texnika və texnoloji avadanlıqlar verilib.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması və bununla əlaqədar Tədbirlər Planının təsdiq edilməsi həmin sahənin inkişafına yeni stimul verib. Hazırda Naxçıvanda 525 böyük ailə təsərrüfatı fəaliyyət göstərir və yeni ixtisaslaşmış ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektinə çevrilməsi istiqamətində tədbirlər həyata keçirilir.