Son iki gün ərzində Naxçıvandan İğdıra və əks istiqamətdə ümumilikdə 11 avtobus reysi həyata keçirilib.
NUHÇIXAN bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, 450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb.
Belə ki, martın 5-də Naxçıvandan İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan İğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.
Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə AYNA-nın xüsusi ayırdığı avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
