ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİNİN ƏSASINI QOYMUŞDUR

A- A A+

Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...” Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövrlərində qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Belə ki, 1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi qadın siyasətinin nəticəsi olaraq güclü gender qanunvericiliyi bazası yaranmış, gender mədəniyyəti formalaşmışdır.

Müstəqil Azərbaycanın 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Konstitusiyası qadın və kişilərin bərabər hüquqlara malik olduğunu təsdiqləyərək qadınların demokratik dövlət quruculuğu prosesində fəal iştirak etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 55 və 56-cı maddələrində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlət idarəçiliyində iştirak etmək hüququ təsbit olunmuşdur. Bu maddələrə əsasən vətəndaşlar dövlət orqanlarında qulluq etmək, həmçinin bütün seçkilərdə sərbəst şəkildə iştirak etmək hüququna malikdirlər.

1998-ci il 14 yanvar tarixində Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu qurum ölkədə qadın siyasətinin həyata keçirilməsində mühüm rol oynamışdır. Həmin ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan qadınlarının I qurultayı keçirilmiş, 2003-cü ildə isə II qurultay təşkil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətini daha da gücləndirdi. Həmin ilin iyununda Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etdi. “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra, Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradılmışdır. Komitə gender bərabərliyinin təmin olunması, qadınların hüquqlarının müdafiəsi, ailə institutunun möhkəmləndirilməsi və uşaqların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Gender bərabərliyi haqqında qanunun imzalanması Gender İnstitutlaşması istiqamətində mühüm addım olmuşdur. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə qəbul olunan bütün qanunlar və normativ-hüquqi aktlarda, verilən sərəncamlarda gender bərabərliyi nəzərə alınır və insanlara gender mənsubiyyətinə görə heç bir fərq qoyulmur.

2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bu qanunların qəbul olunması cəmiyyətdə yeni düşüncə tərzinin formalaşmasına təkan vermiş və bir çox stereotiplərin aradan qalxmasına səbəb olmuşdur.

Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESKO-nın xoşməramlı səfiri, Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərlə sübut edir.

Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün var qüvvələrini sərf ediblər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, səhiyyədə elmdə, təhsildə - bir sözlə, hər sahədə bunu görmək olar. 8 Mart Beynəlxalq Qadınlar Günü yalnız bir bayram deyil, həm də qadınların cəmiyyətdəki roluna verilən yüksək dəyərin ifadəsidir.

Bayramınız mübarək əziz qadınlar.

Asəf Orucov

Naxçıvan Muxtar Respublikası

Ali Məclisin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: