Tacikistan səfiri Naxçıvan Dövlət Universitetində olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin rektoru Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, universitetin bir sıra ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələrə malik olduğunu bildirib.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində bu münasibətlə keçirilən tədbirdə ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyi bildirilib.
Sonra Səfir Rüstəm Soli səmimi qəbula görə öz təşəkkürünü bildirib, öz həyat yolu, Tacikistanda həyata keçirilən islahatlar, ölkə təhsilindəki yeniliklər barədə tələbələrə rus dilində mühazirə deyib. Tacikistanla Azərbaycanın qədim dostluq tarixinə nəzər salan diplomat həmin ənənələrin bu gün də uğurla davam etdiyini qeyd edib. Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir bunun üçün Naxçıvan Dövlət Universitetində çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması üçün istənilən dəstəyi göstərməyə hazır olduğunu söyləyib.
Sonra səfir tələbələrin suallarını cavablandırıb.
Səadət Əliyeva