8 Mart – Beynəlxalq Qadınlar Günü: Mədəniyyət və humanitar dəyərlərimizin daşıyıcısı olan Azərbaycan qadını

A- A A+

Azərbaycan qadını tarix boyunca ailənin dayağı olmaqla kifayətlənməmiş, hər zaman cəmiyyətin mənəvi sütunu, milli-mədəni irsimizin qoruyucusu və gələcək nəsillərin tərbiyəçisi kimi çıxış etmişdir. Onun fəaliyyəti yalnız sosial çərçivə ilə məhdudlaşmamış, ədəbiyyat, incəsənət, maarifçilik və xeyriyyəçilik sahələrində də özünü parlaq şəkildə göstərmişdir.

Azərbaycan xalqının ən qədim yazılı abidələrindən biri olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazı yüksək mənəviyyatın, sədaqətin, müdrikliyin və qəhrəmanlığın rəmzi kimi təqdim edilir. Bu dastanda qadın yalnız ailə ocağının qoruyucusu deyil, həm də çətin məqamlarda söz sahibi olan, müdrik qərarlar verən şəxsiyyət kimi təsvir olunur. Bu fakt bir daha göstərir ki, Azərbaycan cəmiyyətində qadına verilən dəyər qədim köklərə söykənir.

Tariximizin müxtəlif mərhələlərində yaşamış görkəmli qadın şəxsiyyətlər – Möminə XatunSara Xatun – dövlətçilik və mədəniyyət tariximizdə mühüm rol oynamışlar. Möminə Xatun memarlıq və xeyriyyəçilik ənənələrinin formalaşmasına töhfə vermiş, Sara Xatun isə diplomatik bacarığı və uzaqgörənliyi ilə tanınmışdır. Bu nümunələr Azərbaycan qadınının həm siyasi, həm də humanitar sahədə fəallığının tarixi əsaslarını nümayiş etdirir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində başlanan maarifçilik hərəkatı qadınların təhsilə cəlb olunmasını sürətləndirmiş, onların ictimai-mədəni həyatda rolunu artırmışdır. Qadınların elmə, ədəbiyyata və incəsənətə gəlişi milli mədəniyyətimizin inkişafına güclü təkan vermişdir. Azərbaycan teatrı, musiqisi və təsviri sənəti qadın yaradıcıların fəaliyyəti nəticəsində yeni mərhələyə qədəm qoymuşdur. Qadın sənətkarların ifasında milli musiqi və səhnə mədəniyyəti daha geniş auditoriyaya çatdırılmış, milli kimliyimizin qorunmasına və təbliğinə xidmət etmişdir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçib-seçilmək hüququnun verilməsi yalnız siyasi hadisə deyil, həm də mədəni-humanitar baxımdan mühüm irəliləyiş idi. Bu qərar qadının cəmiyyət həyatında tamhüquqlu iştirakının təmin olunmasına, onun intellektual potensialının üzə çıxmasına geniş imkan yaratdı.

Müstəqillik illərində qadın siyasətinin sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların ictimai-mədəni həyatda rolunun artırılmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu siyasi xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qadınların yaradıcılıq və humanitar təşəbbüslərinə geniş dəstək göstərilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyeva, eyni zamanda ”Heydər Əliyev Fondu”nun prezidenti kimi fəaliyyətimədəniyyət və humanitar diplomatiya sahəsində xüsusi əhəmiyyət kəsb edir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr tarixi-mədəni abidələrin bərpası, milli musiqimizin və incəsənətimizin beynəlxalq aləmdə təbliği, sosial layihələrin reallaşdırılması kimi mühüm istiqamətləri əhatə edir. Bu fəaliyyət Azərbaycan qadınının humanizm və mərhəmət ənənələrinin müasir dövrdə uğurlu davamıdır.

Bu gün Azərbaycan qadınları elm və təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, kitabxana və muzeylərdə, teatr və konsert salonlarında, eləcə də humanitar təşkilatlarda fəal şəkildə çalışır. Onlar milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin vətənpərvərlik və humanizm ruhunda tərbiyəsinə böyük töhfə verirlər. Qadınların təşəbbüsü ilə həyata keçirilən sosial və mədəni layihələr cəmiyyətdə həmrəyliyin, qarşılıqlı hörmət və tolerantlığın möhkəmlənməsinə xidmət edir.

Statistik göstəricilər də qadınların ictimai-mədəni həyatda artan rolunu təsdiqləyir. Təhsil və səhiyyə sahəsində çalışanların əhəmiyyətli hissəsini qadınlar təşkil edir. Onların elm və yaradıcılıq sahəsində qazandıqları nailiyyətlər ölkəmizin intellektual potensialının yüksəlməsinə mühüm töhfə verir.

Azərbaycan qadını bu gün ənənə ilə müasirliyin vəhdətini öz simasında birləşdirir. O, milli kimliyimizin daşıyıcısı olmaqla yanaşı, qlobal humanitar dəyərlərin də fəal təbliğatçısıdır. Onun fəaliyyəti mədəniyyətimizin zənginləşməsinə, cəmiyyətimizin humanist prinsiplər əsasında inkişafına xidmət edir.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. Onların mədəniyyətimizin və cəmiyyətimizin inkişafında oynadığı böyük rol hər birimiz üçün ilham və qürur mənbəyidir. Bu müqəddəs gündə bütün dünya qadınlarına xoşbəxtlik, sülh, sağlamlıq və əmin-amanlıq arzulayıram. Qoy onların yaşadıqları dünyanın hər guşəsində sülh, mehribanlıq və harmoniya hökm sürsün, ürəkləri isə daim sevgi, mərhəmət və xoşbəxtliklə dolu olsun.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: