“Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhər 1№-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Əvvəlcə uşaqlar vətənpərvərlik mövzusunda hazırladıqları kompazisiya və rəqsi nümayiş etdiriblər. Sonra oyuna start verilib. İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar düyməyə basmaqla 30 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırıblar.
Sonda daha çox suala düzgün cavab verən “Duz” komandası I, “Badamlı” komandası II , “Sirab ” və “Qızıl” komandaları isə III yerləri tutublar. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman, rəngli kitab və nağıl kitabları təqdim olunub. 20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, may ayında “Ağıllı uşaq” əyləncəli intellektual oyununun Naxçıvan şəhər birinciliyinin yarımfinal və final mərhələləri keçiriləcək. Birincilikdə bağçalarda keçirilən oyunlarda qalib olmuş komandalar iştirak edəcəkdir.
İntellektual oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.